15 fevral 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d, professor Kamandar Şərifovun tərtib etdiyi və önsözünün müəllifi olduğu Ümmi İsanın “Mehri və Vəfa” kitabının təqdimatı keçirilmişdir.

Təqdimatı giriş sözü ilə açan institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Kamandar Şərifovun Yaxın Şərq ölkələrinin əlyazmalar xəzinəsində zaman-zaman gizli qalan əsərlərin üzə çıxarılmasındakı fəaliyyətindən danışmışdır. O, “Mehri və Vəfa”nın da nadir bir inci olduğunu bildirərək alimin kitab üzərində uzun müddət işlədiyini, əsərə geniş önsöz yazdığını vurğulamışdır.

Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva Kamandar Şərifovu ilk gənclik illərindən tanıdığını, zəhmətkeş bir alim olduğunu qeyd etdi. O, “Mehri və Vəfa”nı ədəbiyyat tariximizə düşəsi bir əsər kimi dəyərləndirmişdir.

Kitabın tərtibçisi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov kitab üzərində necə işləməsindən, iki gəncin məhəbbətindən danışan bu əsərin türk folkloru ilə bağlılığından danışmışdır. Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İmamverdi Həmidov, “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi, fil.ü.e.d. Məmmədhəsən Qənbərli, Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Nəsib Göyüşov, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov və digərləri Kamanda Şərifovun elmi fəaliyyətindən, adıçəkilən əsərin bədii məziyyətlərindən danışmışlar.

Sonda Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov çıxış edərək Kamandar Şərifovu üç baxımdan- kataloq tərtibçisi, mətnşünas və türkdilli əlyazmaları transfoneliterasiya edən mütəxəssis kimi xarakterizə etmişdir. O, “Mehri və Vəfa”nın yeni nəşrinin əvvəlkilərdən bir çox üstün cəhətə malik olduğunu qeyd edərək bunu kitabşünaslıqda irəliyə doğru addım kimi qiymətləndirmişdir. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Teymur Kərimlidir.

elyazmalarinstitutu.com