Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş Molla Əli Talibi 1913-cü ildə Türkiyəyə köçərək bu ölkənin müxtəlif yerlərində yaşayıb. O,1943-cü ildə vəfat edib. M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub. Talibinin kiçikhəcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın göstərir.

azertag.az