2017-ci il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tanınmış şərqşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin növbəti tədqiqat işinin - «Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə» kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə alim və mütəxəssislər, politoloqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Kütləvi tirajla çapdan çıxan kitab geniş oxucu kütləsi və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Əfqanıstan əsrlər boyu regional və qlobal güc mərkəzlərinin arasında davam edən geosiyasi mənafe mübarizələrinin mərkəzində dayanmışdır. Təqribən qırx il ərzində bu ölkənin beynəlxalq münasibətlər sistemində baş vermiş bir çox proseslərin həm başlanğıc nöqtəsi, həm də qurbanı olmasının səbəblərinin obyektiv tədqiqi hazırda Yaxın və Orta Şərq regionlarında cərəyan edən hərbi-siyasi hadisələrin düzgün dəyərləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Əfqanıstanda fövqəldövlətlərin geosiyasi maraq qarşıdurmaları XX əsrin ikinci yarısında daha da şiddətlənmiş, 1978-ci il aprel ayının 27-də dövlət çevrilişi ilə nəticələnmişdir. Hakimiyyəti ələ almış qüvvələr və onları himayə edən xarici dövlətlər dünyəvi Əfqanıstan Demokratik Respublikasının qurulmasını elan etsələr də, ölkədəki davamlı xaos, iqtisadi tənəzzül, sosial böhran və silahlı qarşıdurmalar indiyədək davam etməkdədir. Həmin hadisələrin bir çoxunun – SSRİ-nin Əfqanistana hərbi təcavüzünün, işğal illərinin hərbi-siyasi vəziyyətinin, əfqan müxalifəti qruplaşmalarının fəaliyyətinin, sovet qoşunlarının bu ölkədən çıxarılmasının, Taliban hakimiyyətinin və ABŞ-ın Əfqanistana müdaxiləsinin canlı şahidi və sonralar onların tədqiqatçısı olan müəllif bu prosesləri əhatəli təhlil etmiş, qlobal və regional güclərin böyük geosiyasi oyununun növbəti mərhələsi kimi nəzərdən keçirmişdir.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təqdimat mərasimini açaraq, Şərq dövlətlərində cərəyan edən hadisələrin, qlobal qüvvələrin regionda mənafe mübarizəsinin SAM-ın tədqiqat istiqamətlərindən biri olduğunu vurğulamış, Məsiağa Məhəmmədinin «Əfqanıstan. Sovet işğalından Amerika müdaxiləsinə» kitabının bu sahədə uğurlu nailiyyətlərdən biri olduğunu bildirmiş, müstəqillik illərində Azərbaycan Respublikası ilə Əfqanıstan arasında qurulmuş siyasi, mədəni və iqtisadi əlaqələrdən danışmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bu ölkənin daim Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd etmişdir. Kitabın elmi redaktoru, SAM-ın direktor müavini Gülşən Paşayeva isə bildirmişdir ki, Əfqanıstan coğrafi baxımdan Azərbaycandan çox da uzaqda yerləşmir və kitabda təhlili verilən dövrdə bu ölkədə baş vermiş hadisələr və onun nəticələri bizə də təsirsiz ötüşməmişdir. Müəllif faktoloji materiallara söykənərək həmin təsirlərin ətraflı təhlilini verə bilmişdir. Daha sonra AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov da kitab haqqında fikirlərini bölüşmüşdür.

Tədbirdə iştirak edən alim və mütəxəssislər müasir geosiyasi və geoiqtisadi maraqlar, sivilizasiyalararası münasibətlər kontekstində Əfqanıstanda baş verən hadisələrin dəyərləndirilməsində kitabın əhəmiyyətini yüksək qiymətləndirmiş, bu istiqamətdə tədqiqatların davam etdirilməsi zərurətini vurğulamışlar.

sam.az