10 aprel 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ərəbdilli əlyazmaların tədqiqi” və “Farsdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantı, QMİ-nin sədr müavini, İslam Universitetinin “İslamşünaslıq” fakultəsinin dekanı Fuad İzzət oğlu Nurullayevin 7213.01 – dinşünaslıq ixtisasından fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim etdiyi “Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.

Qeyd edək ki, dissertant işi Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix üzrə elmlər doktoru, professor , Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi altında yerinə yetirib.

Iclası dissertasiyanın ərsə gəldiyi şöbənin – “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov açaraq sözü dissertanta verib. Fuad Nurullayev dissertasiya haqqında qısa məlumat verərək əsərdə Quranşünaslığın iki mərhələdə öyrənildiyini bildirib. O, birinci mərhələni Vasim Məmmədəliyevə qədərki mərhələ, ikinci mərhələni isə Vasim Məmmədəliyev mərhələsi adlandırıb. Dissertant çıxışında Quranın tərcümə tarixinə də baş vuraraq, müqəddəs kitabımızın ilk dəfə Uzun Həsən dövründə dilimizə çevrildiyini vurğulayıb. Tədqiqaqtçı V.Məmmədəliyevin tərcüməsini özündə təfsir və tərcüməni birləşdirən əsər kimi xarakterizə edib.

Dissertasiya ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d. Nəsib Göyüşov, fil.ü.e.d.Tərlan Quliyev, ilahiyyat ü.f.d., dosent Zəkiyyə Əbilova, fəlsəfə üzrə fəlsəfə doktorları Əkrəm Həsənov, Rübabə Şirinova, fil.ü.f.d.Əzizağa Nəcəfov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları, tarix.ü.e.d. Xeyirbəy Qasımov, tarix.ü.f.d. Dilavər Əzimov çıxış etmişlər. Onlar dissertasiyanın AAK-ın dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini və növbəti mərhələyə buraxılmasını tövsiyə ediblər.

elyazmalarinstitutu.com