“Elm və təhsil” nəşriyyatı Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar Elm Xadimi, mərhum professor Cahangir Qəhrəmanovun “Arxeoqrafik sənədlərin təsviri” adlı əsərini nəşr etmişdir. Kitab AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görmüşdür. Əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və adıçəkilən institutda mühafizə olunan şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (bağışlanan əşyaların sənədləri) və digər rəsmi sənədlərin təsviri öz əksini tapmışdır.

Kitaba yazılmış ön sözdə azərbaycanlıların yazı mədəniyyətinin tarixinə ekskurs edilmiş, Əlyazmalar İnstitutu və burada mühafizə edilən sənədlər barədə məlumat verilmişdir. Hər bir sənədin təsviri tipindən asılı olaraq konkret bölmədə verilmişdir ki, bu da oxucunun arzu etdiyi məlumatı asanlıqla əldə etməsinə kömək edəcək. Qeyd edək ki, kitab ilk dəfə 1969-cu ildə rusca nəşr edilmişdir. Onu dilimizə tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə çevirmiş və kitaba ad göstəricilərini də əlavə etmişdir. Kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru isə fil.ü. e.d. Paşa Kərimovdur. “Arxeoqrafik sənədlərin təsviri” əsərinin mənbəşünas tarixçilər, toponim və numizmatika ilə məşğul olanlar üçün faydalı olacağına ümid edirik.

elyazmalarinstitutu.com