AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” və “Türkdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclasında adıçəkilən institutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin elmi işçisi Könül Sabir qızı Bağırovanın 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasından filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azər Buzovnalının poetik irsi” mövzusunda dissertasiyanın ilkin müzakirəsi olub.

Qeyd edək ki, dissertant işi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun rəhbərliyi altında yerinə yetirilib.

İclası “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva açaraq, sözü dissertanta verib. K. Bağırova çıxışında Azər Buzovnalının həyatı, mühiti, poetik irsi haqqında ətraflı məlumat verib. Dissertant çıxışında Azər Buzovnalının yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq elmi şəkildə işləndiyini bildirib. O, dissertasiyada şairin mövzu dairəsinuin, o cümlədən, məhəbbət və təbiət lirikasının, vətənpərvərlik şeirlərinin, tarixi mövzuda yazdığı əsərlərinin, sənətkarlıq, dil-üslub xüsusiyyətlərinin, maarifçilik hərəkatındakı mövqeyinin, tərcüməçilik və publisistik fəaliyyətinin geniş təhlil edildiyini qeyd edib. Dissertasiya ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d Paşa Kərimov, “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d., professor Azadə Musayeva, “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d Nailə Səmədova, “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri fil.ü.e.d., professor Kamandar Şərifov, filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov, Əzizağa Nəcəfov, Əli Məmmədbağıroğlu, Qətibə Quliyeva, Afaq Əliyeva, Nailə Mustafayeva çıxış etmişlər. Onlar dissertasiyanın AAK-ın dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini və növbəti mərhələyə buraxılmasını tövsiyə ediblər.



www.elyazmalarinstitutu.com