"Azərbaycan" Jurnalının 5-ci sayında Paşa Kərimovun məqaləsi çap olunub. Məqalənin tam mətnini oxuculara təqdim edirik:

Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar



Açar sözlər: ədəbiyyat, poeziya, poema, şeir, misra Ключевые слова: литература, поэзия, поэма, стихи, строка Key words: literature, poetry, poem, line XX əsrdə mürəkkəb olduğu qədər də şərəfli bir yol keçmiş Azərbaycan poeziyasını Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyarsız təsəvvür etmək mümkün deyil. Bu iki böyük sənətkar misilsiz sənət inciləri yaratmış, ədəbiyyatımızı, ədəbi dilimizi dövrün tələblərinə uyğun inkişaf etdirmişlər. Onlar bir-birindən tamamailə fərqli rejimlərdə yaşasalar da, xalq üçün, demək olar ki, eyni işi uğurla yerinə yetirmişlər. Səməd Vurğun şimalda, Sovet Azərbaycanında, Şəhriyar Cənubi Azərbaycanda əldə olan bütün imkanlardan istifadə edərək xalqın dilinin, milli şüurunun tərəqqisinə çalışmış, yeri gəldikcə ikiyə bölünmüş vətənin dərdlərindən danışmışlar. Bu iki şairin ali məqsədlərinə çatmaq üçün keçdikləri yol da bənzərdir. Səməd Vurğun dövrünün bir sıra digər Şimali Azərbaycan şairləri kimi əsərlərində Sovet rejimini öyməyə məcbur olmuş, hakim orqanların hörmətini qazanmış, xalq şairi adına, Stalin mükafatına layiq görülmüş, qazandığı nüfuzdan istifadə edərək çap etdirdiyi əsərlərində ana dilimizin müqəddəsliyini, milli varlığımızın, tarixi keçmişimizin özünəməxsusluğunu təbliğ etmişdir. Şəhriyar yazıb çap etdirdiyi farsca divanları ilə İran ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınmış, əvvəlcə XX əsr İran poeziyasında ənənəçi qəzəl ustadı, Hafiz ənənələrinin davamçısı kimi, sonra eyni zamanda “şeire-nou” (“yeni şeir”) ədəbi cərəyanının banisi Nima Yuşicin ardıcılı, “şeire-azad” (“sərbəst şeir”) müəllifi kimi də məşhur olmuşdur. Şəhriyarın İranda populyarlığı o səviyyəyə çatmışdı ki, şah rejimi zamanı ona bu ölkənin birinci şairi adını vermək təklif olunmuşdur (şair bundan imtina etmişdir). İran İslam İnqilabından sonra da hakimiyyət nümayəndələri, İranın bütün xalqlarının ziyalıları yanında onun böyük nüfüzu olmuşdur. Şübhə yoxdur ki, əgər belə olmasaydı, Şəhriyar özünün xalqı qarışısındakı böyük missiyasını yerinə yetirə bilməz, anadilli poeziyanın misilsiz nümunələrini yaradaraq İranda, dünyanın bir çox ölkələrində yaya bilməzdi.

Səməd Vurğun şeirlərində Şəhriyarın adını səkməsə də, Şəhriyar əsərində onun adını çəkmişdir. Ümumiyyətlə, Şəhriyar şeirlərində şimallı qələm qardaşlarının adını həvəslə çəkmişdir. 1969-cu ildə professor Rüstəm Əliyevə həsr etdiyi “Döyünmə və söyünmə” şeirində o, Şimali Azərbaycan şairlərinin sırasında Bəxtiyar Vahabzadə, Əliağa Vahid, Qabil, Sabir, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Rəsul Rza ilə yanaşı Səməd Vurğunun da adını çəkmişdir. Şəhriyar Sabir, Səməd Vurğun, Süleyman Rüstəm kimi şimallı sənətkarlara mənəvi borcu olduğundan danışır. Burada onun “vurğun” sözünün hərfi mənasından məharətlə istifadə etdiyini görürük:

Şair olalı borcludu Sabirlərə könlüm,

Vurğundu Süleyman kimi Sahirlərə könlüm (1, s.64).


“Qardaşım Süleyman Rüstəmə” adlı şeirinin son bəndində şair ondan Bəxtiyar Vahabzadənin üzündən, artıq dünyadan köçmüş Səməd Vurğununsa sözündən öpməyi xahiş edir. Bu əlbəttə ki, S.Vurğun yaradıcılığına onun ədəbi irsinə dərin hörmət və ehtiramın əlaməti idi:

Qardaşların üzündən öp,

Bəxtiyarın üzündən öp,

Səmədin də sözündən öp,

Mən də təkəm, sizə qurban,

Tək canım hamınıza qurban (1, s.56).


Ayrı-ayrı məlumatlar, professor Rüstəm Əliyevin xatirələri əsasında deyə bilərik ki, Şəhriyar Şimali Azərbaycan şairləri, onların yaradıcılığı barədə kifayət qədər təsəvvürə malik olmuşdur. Cənubi Azərbaycanın görkəmli yazıçısı və maarif xadimi Səməd Behrəngi “Şəhriyarın “Heydərbaba”sını xatırlayarkən” adlı məqaləsində cənubda Şəhriyarla bərabər S.Vurğunun da əsərlərinin geniş yayılmasına ehtiyac olduğundan danışmışdır. Qeyd edək ki, hər iki sənətkar təxminən eyni vaxtda dünyaya gəlsələr də Şəhriyar anadilli poeziyamızın səmalarında parlamağa başlayanda Səməd Vurğun artıq Azərbaycanda, bir sıra türk məmləkətlərində tanınmış şair idi. Səməd Behrənginin məqaləsi əslində “Heydərbabaya salam” poemasından daha çox əsərin doğurduğu əks-sədaya, onun təsiri ilə yazılmış şeir və poemalara həsr edilmişdir. Bu şeir və poemaları bir-bir nəzərdən keçirən məqalə müəllifi göstərir ki, “Heydərbabaya salam”ın təsiri ilə yazılmış əsərlərin içində bir neçə dəyərli nümunə olsa da, onların əksəriyyəti sönük nəzirə, təkrardan başqa bir şey deyil. Çağdaş Cənubi Azərbaycan ədəbiyyatının müasir vəziyyətini, gələcəyini düşünən S.Behrəngini belə vəziyyət təmin edə bilməzdi. O, qeyd edir ki, “Heydərbabaya salam” poeması Cənubi Azərbaycanda anadilli poeziyanın inkişafına müsbət mənada təsir etsə də, eyni zamanda, epiqonçu poeziyanın inkişafına da səbəb olmuşdur. Məqaləsində çox ciddi məsələlərə toxunan S.Behrəngi belə bir acı həqiqəti açır: Şəhriyar poemasının təsiri ilə nəzirəçi epiqonçu şeirin belə genişlənməsinin əsas səbəbi ondadır ki, bu şairlər digər şairlərimizin-klassiklərin və müasirlərin əsərlərindən xəbərsizdirlər: “Burada bir sualı aydınlaşdırmağım çox yerinə düşərdi: Nə üçün Şəhriyarın “Heydərbaba”sı onda olan bütün çatışmazlıqlara baxmayaraq bu qədər geniş şəkildə nəşr olunur və türk-azəri dilində danışanlara bu qədər təsir edir?

Bu suala cavab verməyin müfəssəl və hərtərəfli izaha ehtiyacı yoxdur. Mən yalnız bunu deyə bilərəm ki, ən böyük təsir ondan ibarətdir ki, Şəhriyardan əvvəl və sonra yazanların əsərləri kütlələrin əlində yoxdur və onları nəşr edib yaymağa imkan olmamışdır. Misal üçün mən soruşuram: əgər Vurğunun əsərlərinin “Heydərbaba”qədər çap və yayılmaq imkanı olsaydı, görəsən bu qədər yazıçı Şəhriyarın ardınca gedər və onu təqlid edərdimi?” (2, s.102). Burada bir məsələyə də aydınlıq gətirmək istərdik. S.Behrəngi “Heydərbabaya salam” poemasındakı çatışmazlıqdan danışırkən, fikirimizcə, şairin əsərini Azərbaycan ədəbi dilindən daha çox cənub şivəsində yazdığını nəzərdə tutmuşdur. S. Behrənginin eqiqonçular barədə dedikləri isə tamamilə həqiqətəuyğundur. Həmin dövrdə (məqalə 1969-cu ildə yazılıb) İranda, Təbrizdə Azərbaycan ədəbiyyatı nümunələri çox az çap edilirdi. Belə hesab edirik ki, Səməd Vurğunun, digər şimallı şairlərin əsərlərinin Cənubi Azərbaycanda nəşrinə indi də böyük ehtiyac vardır. Bu oradakı anadilli poeziyanın inkişafına böyük təkan verə bilər.

Şəhriyar Şimali Azərbaycandan, oradakı qələm dostlarından həmişə böyük heyranlıqla yazmış, şeirlərində bu diyara xəyali səyahətlər etmişdir. Şimali Azərbaycanda mədəniyyətin, ana dilinin tərəqqisi onu ilhamlandırmışdır. Bakını “bizim qızıl Kəbə” adlandıran ustad sənətkar orada incəsənətin inkişafı ilə fəxr etdiyini bildirmişdir. Əbülfəzl Hüseyniyə həsr etdiyi “El bülbülü” şeirində o yazır:

Ora bizim qızıl Kəbə Bakıdı,

Şanlı bakçılar xaki-pakıdı,

İncəsəntlərin abü xakıdı,

Orda hünər mədənlərtək qazılır,

“Məşədi İbad”, “Arşın malçı” yazılır (1, s.49).


Nikbin bir şair olan Şəhriyar belə hesab edir ki, İranla Azərbaycan yaxınlaşacaq və şimallı-cənublu qardaşlar bir-birinə daha çox yaxınlaşmaq imkanı əldə edəcəklər. Qələm sahiblərinin borcu həmin günü mümkün qədər yaxınlaşdırmaqdan ibarətdir:

İndi bizim dövlətlər də yanlaşır,

Getbəgetdə çətinlər asanlaşır,

Sülhün yeli əsməyə sahmanlaşır,

Biz də xoruz vəzifəsin banlayaraq,

Son görüşmək səhmini sahmanlayaq (1, s.44).


Səməd Vurğunun cənub mövzusunda yazdığı şeirlərində onun Təbriz həsrəti ilə bərabər xoşbəxt gələcəyə, şimallı-cənublu qardaşların birləşəcəklərinə inamı vardır. Onun tarixi qeyd edilməmiş “Təbrizin şairlər məclisinə” başlıqlı qəzəli, belə anlaşılır ki, 1945-1946-cı illərdə yazılıbdır. Çünki şairlər məclisi Təbrizdə həmin illərdə fəaliyyət göstərmiş, görünür onlar S.Vurğuna poetik məktub yazmış, o da bu şeirini cənublu qələm yoldaşlarına cavab olaraq yazmışdır. Naməlum səbəbdən həmin şeir ilk dəfə 1982-ci ilin 26 martında “Ədəbiyyat və incəsənət” qəzetində çap edilibdir. Bu şeirində S.Vurğun Təbrizdən gələn məktubdan təsirləndiyini, cənublu qardaşlarla görüşə bilmədiyinə görə kədərləniyini, xəyalən Təbrizi səyahət etdiyini, təbrizlilərin hünərini ürəkdən alqışladığını, onları hərarətlə salamladığını bildirir. M.Biriya, B.Azəroğlu, Ə.Fitrət kimi cənublu şairlərin adını çəkərkən Vurğun da Şəhriyar kimi onların təxəllüsünün hərfi mənasından istifadə etmişdir. Ümümiyyətlə, bu şeir müəyyən mənada ruhu, yazı tərzi ilə Şəhriyarın Şimali Azərbaycana həsr etdiyi şeirlərə bənzəyir:

Əzizlərdən gələn məktub dil açdı mehr-ülfətlə,

Onun hər sətrinə mən də baş əydim hüsn-hörmətlə...

Uçub səyyar xəyalımla dolaşdım xake-Təbrizi,

Hər üzdə bir boran gördüm döyür əflakı hiddətlə...

Var olsun məslək eşqilə qılınca qurşanan ərlər,

Vətən dünyası fəxr eylər bu gün bir şanlı millətlə.

Görün nazəndə bir məclis öz eşqim, Etimadımla

Mənim də Biriya qəlbim dil açdı bir məhəbbətlə.

Əzəldən loğman olmuşdur, sual et: Azərin oğlu,

Günəş Zərdüşt diyarından ucalmış ərşə Fitrətlə.

Düşər bir gün yolum şəksiz, düşər Təbrizə, qardaşlar,

Salamlar Vurğunun qəlbi sizi min sazla, söhbətlə (3, s.261).


Şəhriyar Bakıya xəyali səfər etdiyi kimi, S.Vurğun da Təbrizi xəyalən ziyarət edir, Şəhriyar şimaldakı qardaşları alqışladığı kimi, S.Vurğun da təbrizlilərin hünərinə valeh olduğunu deyir, nəhayət, hər iki şair gələcəyə ümidə baxır.

Səməd Vurğun da, Şəhriyar da yaradıcılıqlarında gerçəkliyin əksinin romantik metoduna, tipinə üstünlük vermiş, bununla bərabər həyatın realist təsvirinə də böyük əhəmiyyət vermişlər. Məlum olduğu kimi, romantiklər üçün mənəvi həyat əsas diqqqət mərkəzində olduğu halda, realistlər mənəviyyata fikir verməklə yanaşı həyatı olduğu kimi, konkret təzahür formanlarında canlandırırlar, ictimai həyatı ön plana çəkirlər. Romantik yaradıcılıq tipində əsasən iqtisadi-ictimai səbəblər ya arxa plana çəkilir, ya da unudulur. Haqqında danışdığımız böyük söz ustadlarının əsərlərində romantik vüsətlə həyat gerçəkliyinin, ictimai həyatın realistcəsinə təsvirinin birləşdiyini görürük. XX əsrin əvvəllərində, birinci yarısında təxəyyülə, fantastikaya, əfsanələrə geniş yer verən romantik poeziyaya Azərbaycan ədəbiyyatında da, İran ədəbiyyatında da rast gəlirik. S.Vurğun “Muğam” poemasinda Hürmüzlə Əhrimən əfsanəsindən danışılır. Onun “Qız qayası”, “Aslan qayası”, “Bulaq əfsanəsi”, “Ayın əfsanəsi” əsərləri romantik ruhdadır, əfsanələr əsasında yazılmışdır. Bu əsərlərdən ilk dəfə 1938-ci ildə “Revoyusiya və kultura” jurnalında çap edilmiş “Aslan qayası” poeması romantik dona bürüsə də, tamamilə real, konkret bir hadisəyə-1806-cı ildə Azərbaycanı, Bakını işğal etməyə gələn çar Rusiyası qoşunlarının komandanı P.D Sisyanovun Bakı xanı Hüseyqulu xanın əmisi oğlu İbrahimxəlil xan tərəfindən öldürülməsinə həsr edilib. Əsərdə əsl qəhrəmanlıq kimi təqdim olunan bu hadisənin xalqın nümayəndəsi Aslan tərəfindən həyata keçirildiyi göstərilib.

Şəhriyarın da “Gecənin əfsanəsi”, “Dağın simfoniyası”, “Dənizin simfoniyası” kimi romantik ruhlu əsərləri əfsanələrə, şair təxəyyülünə əsaslanır. “Dənizin simfoniyası” poemasının “Təxti-Cəmşid” adlı hissəsində konkret bir hadisədən-Makedoniyalı İskəndər tərəfindən İranın işğalından danışılır, möhtəşəm sənət abidəsi olan Təxti-Cəmşidin yandırılması vəhşilik kimi dəyərləndirilir.

Romantik pafos, nağıllar, əfsanələr aləminə, müxtəlif məkan və zamanlara xəyali səfərlər, ayrı-ayrı şəxslərlə qiyabi görüşlər hər iki şairin ədəbi irsində kifayət qədər mühüm yer tutur. Lakin bu cür əsərlərində belə bu sənətkarlar həyat gerçəkliyini əks etdirməyi də unutmamışlar. Onların əsasən realist ruhlu əsərlərinə isə bir sıra hallarda romantik lövhələrin uğurla salındığını qeyd etmək istərdik.

S.Vurğun da, Şəhriyar da bədii təsiri, emosionallığı artırmaq üçün xitab formasından məharətlə istifadə etmişlər. S.Vurğunun “Komsomol poeması”, “Talıstan”, “Bakının dastanı”, “Zəncinin arzuları” poemalarında, bir sıra şeirlərində xitab poetik fiquru mühüm yer tutur. Şəhriyar bir sıra əsərlərini təbiətə, insanlara, Heydərbabaya, Səhənd dağına, ayrı-ayrı şəxslərə müraciət formasında yazmışdır. Bu əsərlər içində “Heydərbabaya salam” və “Səhəndiyyə” poemaları daha çox diqqəti cəlb edir. Şair sadəcə olaraq təbiətə, dağa müraciət etmir, doğma yurduna, milli mənliyinə üz tutaraq ürək sözlərini deyir. S.Vurğunun da bədii xitablarında səmimilik, etiraf ilkin diqqəti cəlb edən cəhətlərdəndir. Beləliklə, iki dahi sənətkarın həyata münasibətində, bədii metodunda, bir yaxınlığın olduğunu görə bilərik.

Səməd Vurğun da, Şəhriyar da XX əsr Azərbaycan poeziyasına dərin məzmun, ictimai mündəricə gətirməklə bərabər maraqlı forma axtarışları ilə də tanınmışlar. Səməd Vurğun hər üç vəzndə-hecada, əruzda və sərbəst vəzndə gözəl şeirlər yazmışdır. XX əsrin 20-illərində Azərbaycan sovet poeziyasında sərbəst şeir yayılmağa başlayanda Süleyman Rüstəm, Mikayıl Rəfili, Rəsul Rza, Mikayıl Müşfiqlə bəabər o da sərbəst şeirlər yazırdı. Professor Böyükağa Hüseynov göstərir ki, Güney Azərbaycanda bu proses daha öncə getmişdir: “Güney Azərbaycanda isə təcəddüd (müasirləşmə-çağdaşlaşma-yenilişmə) adlanan bu hərəkat bir qədər də əvvəl, ötən əsrin əvvələrində, yəni 1915-1920-ci illərindən, modernizm cərəyanının əsasən 1920-ci ildə Qərbi Avropanın bütün dövlətlərində, o, cümlədən, Amerikada yüksəlişi dövründə başlanmışdı. (4, s.184). İran ədəbiyyatında forma islahatlarının, yeni şeirin, sərbəst şeirin banisi kimi Nima Yuşicinin adı çəkilir. O da bir faktdır ki, İran ədəbiyyatında sərbəst şeirin inkişafında klassik poeziyanın bilicisi, qəzəl ustadı Şəhriyarın böyük rolu olmuşdur. Onun farsca və Azərbaycan türkəsində yazdığı sərbəst şeirləri məşhurdur. Məlim məsələdir ki, Şəhriyar da, N.Yuşic də şimallı qələm dostları kimi yüksək istedad sahibi və klassik irsin bilicisi olmasaydılar sərbəst şeirləri ilə oxucuların diqqətini cəlb edə bilməzdilər. XX əsrin əvvəllərində İran və Azərbaycan poeziyasında gedən yaradıcılıq, forma axtarışları bir-birini xatırlatmaqdadır. İran ədibi Əbdül Dəsteqeyb həmin dövr İran şeirinin aşağıdakı özəlliklərini xüsusi olaraq nəzərə çatdırmışdır:

1. Fikirin yığcam, mətləbin uzadılmadan ifadə edilməsi;

2. Şeirdə lüzumsuz sözlərin işlədilməməsi,

3. Təşbihlərdən geniş istifadə olunması;

4. Şeir kompozisiyasının kamilliyi;

5. Mədh, tərif və özünü alçaltma meyillərindən uzaq olması;

6. Cəmiyyətin həyatına yaxınlıq;

7. Şairin ictimai hadisələri müstəqil surətdə qiymətləndirməsi;

8. Vəzn imkanlarının genişliyi;

9. Şeir dilinin sadəliyi (5, s.132).


Diqqətlə baxdıqda görürük ki, bu tələblərin əsas hissəsi Sovet Azərbaycanının həmin dövr tənqidçiləri tərəfindən də irəli sürülürdü. Şimali Azərbaycanda da şeirin ictimai məzmununa, dilin sadəliyinə, fikrin yığcamlığına, vəzn imkanlarının genişləndirilməsinə fikir verilirdi. Qeyd edilməyən əsas cəhət hər iki ölkədə güclü nəzarətin, senzuranın mövcüdluğu idi. Səməd Vurğun, Şəhriyar kimi şairlər böyük istedadları hesabına senzuranın nəzarətindən yan keçərək oxucuya mətləblərini çatdırırdılar.

S.Vurğun yaradıcılığının bir özəlliyi də heca vəzni daxilində forma axtarışlarından, yeniliklərindən ibarət idi. Onun əsasən iki növ beşlikləri fikrin, duyğuların oxuculara mümkün qədər bütün əlvanlığı ilə çatdırılmasına xidmət edir. Şairin “Sevirəm” şeirində (və bir sıra digər əsərlərində) beşliyin ababb forması tətbiq edilmişdir:

Mən də bir insanam, mən də canlıyam,

Mənim də qəlbimin arzuları var.

Deyirlər arabir dəliqanlıyam.

Çox da deyinməsin dalımca əğyar!

Mənim də qəlbimin arzuları var... (6, s.194).


Onun bir sıra digər əsərlərində, məsələn, “Muğam” poemasında beşliyin aaabb formasından istifadə edilib. Burada bəndin birinci üç misrasında deyilən fikirlər son iki misrada məntiqi, bədii yekununu tapır, bu iki misra məna bütövlüyünə səbəb olur:

Yenə də yamyaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar,

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni

Təbiət ilhama çağırır məni (7,s.356).


Maraqlıdır ki, bəlkə də Səməd Vurğun əsərlərindəki bu forma yeniliyindən xəbərsiz olan Şəhriyar da “Heydərbabaya salam” poemasında, bir sıra başqa şeirlərində həmin formanı tətbiq etmişdir. Görünür ki, bu beşlik növü (aaabb) bir şair kimi Şəhriyarın daxili temperamentinə, onun fikir və hislər dünyasına ideal şəkildə uyğun gəlirdi:

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq (1,s.7).


Son iki misra da əvvəlki üç misra kimi informasiya yükünə malikdir. Lakin son iki misra eyni zamanda yaratdığı fərqli ritmlə bəndi tamamlayır, ona bütövlük verir.

S. Vurğun kimi Şəhriyar da hər üç vəzndə gözəl şeirlər yazmışdır. Onun “Səhəndiyyə” poeması əruz, heca və sərbəst vəznlərdə yazılmışdır. XX əsr Azəbaycan ədəbiyyatının iki böyük nümayəndəsi-Səməd Vurğun və Şəhriyar anadilli şeirimiz qarşısında misilsiz xidmətlər göstərmiş, onu əlçatmaz zirvələrə ucaltmışlar. Azərbaycan xalqı Azərbaycan ədəbiyyatı, poeziyası mövcud olduqca bu sənəkarların adı heç bir zaman unudulmayacaqdır.

Ədəbiyyat


1. Şəhriyar Məhəmmədhüseyn. Seçilmiş əsərləri. Bakı: “Kitab klubu”, 2014.

2. Şəhriyar farsdilli ədəbiyyatşünaslıqda. Bakı: “Nurlan”, 2006.

3. Vurğun Səməd. Əsərləri. Yeddi cilddə. İkinci cild. Bakı: “Elm”, 1985.

4. Fuad Esmira (Şükürova). Güney Azərbaycan poeziyasında yeni şeir ənənələri: Şəhriyar və azad (modernist) şeir “Şəhəndiyyə” poeması əsasında// Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları. Akademik Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları, Bakı: “Bakı” çap evi, 27-28 may, 2013.

5. Hüseynov Böyükağa. XX əsr fars şeirində ənənə və novatorluq. Bakı: “Elm”, 1975.

6. Vurğun Səməd. Əsərləri. Yeddi cilddə. Birinci cild. Bakı: “Elm”, 1985.

7. Vurğun Səməd. Əsərləri. Yeddi cilddə. Üçüncü cild. Bakı: “Elm”, 1985.


Паша Керимов

Самед Вургун и Мухаммадхусейн Шахрияр


(Резюме)


Самед Вургун и Мухаммадхусейн Шахрияр- два великих азербайджанских поэта, без творчества которых невозможно представить азербайджанскую литературу XX века. Они жили при разных режимах- С.Вургун в Советском Азербайджане, а Шахрияр в Иране. Но оба они выполняли одну общую миссию-трудились для развития литературы, литературного языках, национального самосознания азербайджанцев. И в Советском Азербайджане и в Иране литература развивалась под жестким контролем цензуры. Но С.Вургун и Шахрияр благодаря своему большому таланту преодолев цензуру смогли довести до читателя свои мысли и пожелания.

И С.Вургун и Шахрияр были поэтами романтического типа. Но они в то же время реалистически отражали современную жизнь. Оба великих поэта были новаторами азербайджанской поэзии. Привносили в литературы новые темы и формы.

Pasha Kerimov

Samed Vurgun and Muhammedhuseyn Shakhriyar


(Summary)
Samad Vurgun and Muhammadhuseyn Shakhriyar are two great Azerbaijani poet, without whose creativity it is impossible to imagine Azerbaijani literature of the 20th century. They lived under different regimes-S.Vurgun in Soviet Azerbaijan, and Shahriyar in Iran. But both of them fulfilled one common mission, they worked for the development of literature, literary languages, national self-consciousness of Azerbaijanis. In Soviet Azerbaijan and Iran, literature developed under strict censorship. But S.Vurgun and Shahriyar, thanks to their great talent, having overcome censorship, could bring their thoughts and wishes to the reader. And S.Vurgun and Shahriyar were poets of a romantic type. But they at the same time realistically reflected modern life. Both great poets were innovators of Azerbaijani poetry. They brought new themes and forms to the literature.