14 iyun 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabşünaslıq və biblioqrafiyaşünaslıq”, “Şəxsi arxivlərin tədqiqi” şöbələrinin birgə iclasında Azərbaycan elmi üçün yeni və çox aktual olan bir mövzuda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Müzakirəyə təqdim olunan dissertasiya işinin mövzusu “Kitabxanalarda bibliometriya: mövcud vəziyyəti və inkişaf perspektivləri” adlanır. Bu tədqiqat işi sənəd bazasından asılı olmayaraq respublikada mövcud olan bütün kitabxanaların, arxivlərin və informasiya resurslarının işinin təhlili üçün bir elmi ölçü meyarı təqdim edir. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Bakı Dövlət Universitetinin dosenti, pedaqogika ü.f.d. Nadir İsmayılovun elmi rəhbərliyi altında yerinə yetirilən dissertasiya işində elmimiz tarixində ilk dəfə kitabxanalarda sənəd axınının bibliometrik tədqiqi həyata keçirilir. Kitabxanalardakı materiallardan istifadənin ölçülməsi meyarları müəyyənləşdirilmiş və bunun yeni bir elmi istiqamət olduğu sübuta yetirilmişdir. Adı gedən dissertasiya işində kitabxana-informasiya sferasında sosial mühitə adaptasiya olmağın daha effektiv və optimal üsulları təklif olunur, milli informasiya təhlili strategiyasının kitabxana-informasiya sisteminə tətbiqi məsələləri diqqət mərkəzinə çəkilir.

www.elyazmalarinstitutu.com