Şabranda böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunan elmi konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konfransın iştirakçıları əvvəlcə “Şabran şəhəri” tarixi qoruğu ilə yaxından tanış olublar. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. O, Şirvandan gizli surətdə getməyə cəhd göstərərkən I Axsitanın əmri ilə həbs olunaraq Şabran qalasına salınıb və 7 ay orada saxlanılıb. Şairin məşhur “Həbsiyyə” şeiri yaşadığı həbsxana həyatı ilə bağlıdır. “Şabran şəhəri” tarixi qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxana da aşkar edilib.

Qonaqlar Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyini, Xaqani Şirvanının abidəsini ziyarət edib, Xaqani Poeziya evində təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Sonra konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Rayon icra hakimiyyətində davam etdirilən elmi konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, ictimai və elm xadimləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Əfzələddin Xaqani Şirvaninin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, konfransın Şabranda keçirilməsini bölgələrdə elmin, ədəbiyyatın təbliği istiqamətində mühüm hadisə kimi dəyərləndirib.

Şabran Rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda Xaqani Şirvani yaradıcılığının təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Xaqani Şirvani adına poeziya evinin yaradılması gənc nəslin ədəbiyyata marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Şabranda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecələri altı ildir ənənəyə çevrilib.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsas nəşrlərindən biri olan “Ədəbiyyat məcmuəsi” jurnalının Xaqani Şirvaniyə həsr olunmuş xüsusi buraxılışı və “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabı təqdim edilib.

Filoloq alimlərimiz Nüşabə Araslı “Xaqani Şirvanı və Nizami”, İmamverdi Həmidov “Xaqaninin ərəbcə şeirləri”, Paşa Kərimov “Xaqaninin əsərlərinin AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları”, Vaqif Yusifli “Xaqani yurdunda ədəbiyyat”, Lalə Əlizadə “Xaqani lirikasının bədii xüsusiyyətləri”, tədqiqatçı Elnurə Zeynalova “Xaqani Şirvaninin həbsxana həyatı və “Həbsiyyə” şerləri” mövzusunda məruzələrlə çıxış ediblər.

azertag.az