Görkəmli publisist, tanınmış jurnalist, bir çox beynəlxalq yaradıcılıq təşkilatlarının mükafatlarına layiq görülmüş Fazil Rəhmanzadənin qələm məhsulu olan yazılarının, məqalə və kitablarının bir neçə səciyyəvi cəhətini qeyd etmək istərdik: vətənpərvərlik, doğma yurdun gözəllikləri, sərvətləri, insanları ilə hədsiz iftixar hissi, toxunduğu hər bir mətləbi dərindən, bütün təfərrüatı ilə bilməsi.

Tərəddüd etmədən iddia etmək olar ki, F.Rəhmanzadənin publisistikası elmidir, tarixidir. Təsadüfi deyil ki, onun oxucuların ixtiyarına verdiyi “Bu isimdə bir can...” kitabında belə sözlər yazılmışdır: “Azərbaycanın XX yüzildəki intibahı ilə bağlı tarixi-nəzəri, bədii-sənədli, publisist qeydlər”. Şübhdə yoxdur ki, müəllifi elmi kitablardan, tarixi qaynaqlardan dönə-dönə istifadə etməyə sövq edən səbəblərdən biri də yaşadığımız dövr ermənilərin torpaqlarımızın iyirmi faizini işğal etməklə kifayətlənməyib, bunu “elmi” cəhətdən əsaslandırmağa çalışmasıdır. Ermənilərin yalançı iddialarına cavab vermək üçün elmi faktlara əsaslanmaq, tarixi qaynaqlarla ciddi surətdə məşğul olmaq lazımdır. F.Rəhmanzadənin haqqında danışdığımız iki cildlik iri həcmli, nəfis, fotolarla zəngin kitabının əvvəl hissəsi düşmənlərimizə publisistik dildə elmi, tarixi cavablardan ibarətdir. Burada Fazil müəllimin daha bir cəhətini, yorulmazlığını, zəhmətkeşliyini də qeyd etmək istərdik. O, dünyanın bir çox ölkələrində olmuş, xarici dillərdə kitablar çap etdirmiş, erməni işğalına haqq qazandırmaq istəyənələrlə açıq diskussiyaya girərək Azərbaycan həqiqətlərini dünyanın bir sıra ölkələrinin nəzərinə çatdırmışdır. Əlbəttə ki, bununçün yüksək səviyyəli alim-jurnalist olmaq, geniş bilik dairəsinə sahiblənmək lazımdır. İndi tariximizin obyektiv mənzərəsini verən, düşmənlərimizə, qərəzli müəlliflərə yüksək səviyyədə cavab verməyi bacaran alimlərə də, publisistlərə böyük ehtiyac vardır. Bu cür əsərlər çox olmalıdır ki vətəndaşlarımız, ziyalılarımız, diplomatlarımız xarixi ölkələrdə düşmən tərəfin uydurma iddiaları ilə rastlaşanda çaşmasınlar, onları yerində oturda bilsinlər. Elə şeylər var ki, onu düşməndən öyrənmək ayıb deyil. Necə olur ki, onlar uydurma, yalançı tarixlərini, fırıldaqçıların “Böyük Ermənistan” barədə nağılını bir nəfər kimi əzbərləyib bülbül kimi ötürlər, bizim bəzi ziyalılarımız isə bu qədər olub-keçənlərdən sonra yenə də çox şeylərdən xəbərsizdirlər. Heç sübhəsiz, vətən sevgisi onun tarxini mükəmməl bilməkən başlanmalıdır.

“Bu isimdə bir can...” və yaxud vətəni sevməyin şərtəri F.Rəhmanzadə yazır: “Bilmirik, başqaları necə düşünür, ancaq bizə elə gəlir ki, millət öz tarixini unudanda onun süqutu başlanır. Kim olduğunu, haradan gəlib, haraya getdiyini bilməyən, əsil-nəcabətini tanınmayan bir yurdsuz sərsəri əsl insan sayılmadığı kimi, öz tarixini unudan millət də millət sayıla bilməz... Tarix millətin bütün varlığını ürəyinin dərinliyində gəzdirir və bununla da hər bir millətin mətanəti, qüdrəti, gələcəyi üçün topladığı qüvvə və ehtiyacı güzgü kimi özündə əks etdirir”. Kitabda erməni və ermənipərəst tarixçilərin torpaq iddialarının yalançı dəlillərə əsaslandığı elmi əsaslarla sübut edilir, erməni faşistlərinin qanlı cinayətləri sənədlər göstərilməklə sadalanır. Artıq qeyd etdiyimiz kimi, “Bu isimdə bir can...” kitabı əsasən XX əsr Azərbaycanında, həyatın, mədəniyyətin bütün sahələrində özünü göstərən intibaha həsr olunub. Müəllif belə hesab edir ki, Azərbaycan iki dəfə - XII və XX əsrlərdə intibah dövrünü yaşamışdır. XII əsr Azərbaycan intibahı barədə görkəmli alimlər öz fikirlərini söyləmişlər. XX əsrin Azərbaycan intibahından danışan Fazil Rəhmanzadə fikrini sübut etmək üçün kitabında əsrin böyük şəxsiyyətləri barədə məlumatlarla zəngin oçerklərini yerləşdirib. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Ərəblinski, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Cəfər Cabbarlı, Abbasmirə Şərifzadə, Mikayıl Müşfiq, Hüseyn Cavid, Heydər Hüsenov, Rəşid Behbudov, Möhsün Sənani, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Ələsgər Ələkbərov futbolçu Ələkbər Məmmədov, Tofiq Bəhramov, Tofiq Quliyev, nəvə Müslüm Maqomayev, Şəhriyar, Lütfizadə, Bəhram Mansurov, Sabit Orucov, Əjdər İbrahimov, Tahir Salahov, Soltan Hacıbəyli və neçə-neçə başqaları barədə oxuduqca vətən övladının qəlbi qürur hissi ilə döyünür. Təəccüblənirsən ki, hər birinin həyatı bir dastan olan bu misilsiz şəxsiyyətlər haqqında məlumatlar iki cildlik bir kitaba necə yerləşib? Hər bir məqalə, oçerkdə də nə qədər yeni üzə çıxarılan faktlar, bilmədiyimiz məlumatlar var. Bütün bunlar müəllifin araşdırıcılıq qabiliyyətinin, gərgin əməyinin, yuxusuz gecələrinin nəticəsidir. Və bu kitab XX əsr Azərbaycanının panoramasını parlaq surətdə əks etdirir. Qeyd edək ki, Fazil müəllim adları çəkilən dahilərimizin bir çoxu ilə həmsöhbət olmuş, onlardan müsahibə götürmüşdr. Belə çıxır ki, ikicildlik onilliklər ərzində hazırlıq prosesindən keçmişdir. Müəllif şair, yazıçıdan danışanda ədəbiyyat, rejissor, aktyordan danışanda elm, futbolçudan danışa idman barədə elə dəqiqliklərə vara bilir, elə biliklər nümayiş etdirir ki, heyran qalmaya bilmirsən. Əsl jurnalist, fikirmizcə, belə olmalıdır. Haqqında danışdığı mətləbi, mövzunu gözəl bilməlidir. Son dövrlərdə bizdə, təəssüf ki, haqqında yazdığı mətləbləri alayarımçıq bilən və ya heç bilməyən, hər cümləsində bir səhv olan üzdəniraq jurnalistlərin sayı artmışdır. Fazil Rəhmanzadə öz işinə yaradıcı yanaşan araşdırıcı-jurnalistdir. İndi bu növ jurnalistlərə böyük ehtiyac vardır. Çünki müstəqilliyinə qovuşmuş vətənimiz, onun tarixi şəxsiyyətləri haqqında sənədlərə söykənən söz demək, bununla da Azərbaycanı gözü götürməyənlərə, düşmənlərə, düşmənlərin muzdlu-muzdsuz havadarlarına tutarlı cavab vermək lazımdır.

Müəllif tarixi sənədlərə, tədqiqat əsərlərinə müraciət edir, XX əsr Azərbaycan intibahının mənzərəsini canlandırır. Kitabı vərəqlədikcə özünə belə bir qanunauğun sual verirsən: Doğrudan da, “Molla Nəsrəddin”in mühərriri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, “Füyuzat”ın mühərriri Əli bəy Hüseynzadə məgər intibahımızın nümayəndələri deyildilərmi? İlk addımlarını atan gənc teatrımızın böyük ustad sənətkarı Hüseyn Ərəblinski, onun Azəbaycan, Tiflis, Kazan, Özbəkistan səhnələrindəki böyük uğurları əsl sənət möcüzəsi deyildimi? Üzeyir Hacıbəylinin əsərləri yalnız Azərbaycanda deyil, bütün islam, türk dünyasında intibah baş verdiyinin əlaməti deyildimi? Məlum məsələrdir ki, belə irihəcmli kitabı bir-iki günə oxuyub başa çatdırmaq mümkün deyil. Bununla bərabər, kitabı əldən yerə qoymaq da olmur. Sərkərdələr, dövlət və mədəniyyət xadimləri barədə yeni faktlar, məlumatlar marağımızı daha da artırır. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Nəriman Nərimanovdan sonra Məhəmməd Əmin Rəsulzadə barədə oçerk gəlir. Elə bil ki, şəxsiyyətlər bir-birini tamamlayır, bütövlükdə Azərbaycanın mənzərəsi yaranır.

XX əsr Azərbaycan elminin böyük adları Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, Lütfizadəyə həsr olunmuş oçerklərdə faktların, məlumatların zənginliyi ilə diqqəti cəlb edir. Fazil Rəhmanzadənin məqalə və oçerklərindəki mətləbi açıqlama üsulu diqqəti cəlb edir. Məncə, gənc jurnalistlər bundan çox şey götürə bilərlər. O, məsələyə hərtərəfli, mən deyərdim ki, elmi cəhətdən yanaşır. Əvvəla, o, həmişə haqqında geniş biliyə malik olduğu mətləblərdən, şəxsiyyətlərdən yazır. Sənəti, gözəl səsi, istedadı ilə Azərbaycanımızı bütün dünyada şöhrətləndirən Rəşid Behbudova həsr edilmiş “Oxu, Rəşid, oxu...” məqaləsindən biz Fazil müəllimi əsl musiqi bilicisi kimi tanıyırıq. Məqalədə böyük sənətkarın səs möcüzəsi barədə oxuyuruq: “Rəşid Behbudov tenordu. Fəqət Tanrının heç də hər tenora qismət etmədiyi belkanto da buna əlavədir. Belkanto səsi əsasən dahi italyan müğənnilərinə olur, o, öncə italyan ifaçılıq məktəbinə yiyələnmiş, fəqət anadangəlmə mükəmməl yumşaq səs çaları sənətkarTanrı vergisidir”. Sənətkarın mahnı üzərində işləməsi barədə isə məqalədə belə yazılıb: “Əlbəttə, Rəşid Behbudov təkcə mahnıların əla təfsirçisi olsaydı sənətin belə yüksək zirvəsinə qalxmazdı. Melodiyanı duymaq, onun incə nöqtələrinə varmaq, bəstəkar və şair fikrini ifa ilə uzlaşdırıb dinləyiciyə çatdırmaq, hər hansı bir əsəri ağlın süzgəcindən keçirib kamilləşdirmək, el nəğmələrini, dünya xalqlarının mahnılarını özünəməxsus tərzdə səliqə-sahmanla canlandırmaq, nəhayət, əla improvizatorluq keyfiyyəti, gözəl virtuozluq Rəşid Behbudovun sənətini səciyyələndirən, ona minlərlə pərəstişkar qazandıran başlıca məziyyətlərdir”. Fazil müəllim dahi müğənninin sənəti barədə söhbətini davam etdirmək üçün, görkəmli sənətşünas və kinoşünaslardan sitat gətirir, nəhayət, özünün Rəşid Behbudovla görüşlərini yad etməklə onun şəxsi, insani keyfiyyətlərindən də danışmaqla yazısını davam edir. Ümummilli liderimiz Heydər Əliyevin Rəşid Behbudov sənəti barədə dediklərdindən gətirilən sitat isə məqaləni tamamlayan bir amil olur. XX əsrin dahi bəstəkarları Qara Qarayev və Fikrət Əmirov barədə yazılar da eyni xüsusiyyətə malikdirlər. Burada XX əsr sənət tariximizi öyrənmək istəyənlər üçün çox şey var.

Bir cəhəti də xüsusi olaraq qeyd etmək istərdik: Haqqında danışdığımız kitabda Fazil Rəhmanzadə yalnız ürəkaçan, fərəhləndirici faktları sadalamamışdır. Burada dahilərimizin başlarına gələn, başlarına gətirilən faciələrdən, sapı özümüzdən olan baltaların xəyanətlərindən, əbədi, əzəli düşmənlərimizin əməllərindən, repressiya qurbanlarından da ətraflı danışılmışdır. Əlbəttə ki, bütün bunlar tarixin ibrət dərsləri, vətən tarixinin ayrılmaz tərkib hissəsidir. Fazil Rəhmanzadənin “Bu isimdə bir can...” kitabı XX əsr Azərbaycan intibahının canlı şahidi və sübutudur. XX yüzilliyin bütün keşməkeşlərinə, xalqımızın başına gətirilən faciələrə baxmayaraq, tükənməz inamı, dərin zəkası böyük istedadı olan, vətənini hədsiz məhəbbətlə sevən dahilərimiz bu əsrdə Azərbaycan intibahını reallığa çevirdilər. XX və XXI əsrlərin dahi lideri, ulu öndər Heydər Əliyev müasir, müstəqil Azəbaycanın memarı oldu, vətənimiz XXI əsrdə inamla irəliləməyə başladı.

Əminəm ki, gələcəyin yazarı bu əsrin sonlarında yaşadığı dövrün intibahından yazacaq, XX əsrin nailiyyətlərini də hörmətlə yad edəcəkdir.

www.tezadlar.az