AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Bundan başqa Paşa Kərimov və Raqub Kərimov Mirzə Baxışın vətəni Hacıqabul Rayonunun Nəvahi kəndində, Hacıqabul Tarix-diyarşünaslıq muzeyində olmuş, şairin qohumları, yaradıcılığı ilə maraqlananlarla görüşmüş, qəbrinin yerləşdiyi Nəvahi məzrlığını ziyarət etmişlər. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.