Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Səməd Vurğun və ədəbi türk dünyası” mövzusunda respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb. İnstitutun elmi şurasının qərarı ilə nəşr olunan toplunun elmi redaktoru akademik İsa Həbibəyli, rəyçilər filologiya elmləri doktorları Almaz Ülvi və Yaşar Qasımbəyli, redaktoru Aslan Salmansoydur.

AZƏRTAC xəbər verir ki, nəşrdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək poeziyasında Səməd Vurğun mövzusu”, ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına türk ədəbiyyatının təsiri”, institutun doktorantı Ağahüseyn Şükürovun “Səməd Vurğun və qazax ədəbiyyatı”, elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri Töhfə Talıbovanın “Səməd Vurğun və tatar şairi Musa Cəlil”, türk xalqları ədəbiyyatı şöbəsinin elmi işçisi Mehman Həsənin “Səməd Vurğun və qırğız ədəbiyyatı”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin dissertantı Sənubər Səmədovanın “Səməd Vurğun - müstəqillik illərində özbək mətbuatında”, Leyla Kərimovanın “Səməd Vurğun və Mehmet Akif Ərsoy”, M.Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar” mövzularında məqalələri yer alıb

azertag.az