8 noyabr 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin SABAH qruplarının 3-cü kurs tələbələri üçün “Azərbaycan yazılı abidələrinin dili” fənni çərçivəsində növbəti dərs keçilib. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov tələbələrə “Səfəvilər dövrü ədəbiyyatı və XVII-XVIII əsrlər Azərbaycan ədəbi dili” mövzusunda geniş mühazirə oxuyub. Mühazirədə bu dövrün Fədai, Məsihi, Saib, Qövsi kimi tanınmış ədəbi simaları ilə yanaşı, Zəfər təxəllüslü Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Məczub və başqa nisbətən az tanınan şairlərinin də əsərlərinə istinadlar edilib, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı üçün xarakterik olan Hind üslubu barədə məlumat verilib.

Dərsin sonunda mühazirəçi tələbələri maraqlandıran sualları cavablandırıb. Onu da qeyd edək ki, bu dərslər Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimlinin anadilli əlyazma abidələrinin gənc nəslin arasında təbliği məqsədilə təşkil olunur.

elyazmalarinstitutu.com