4 dekabr 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi Sona Xəyalın tərtib edib, nəşrə hazırladığı və geniş ön söz yazdığı Bisəvad təxəllüslü Kərbəlayi Muxtarın “Əsərləri” və şairin oğlu Əhməd Anatollunun “Əlli il Azərbaycan səhnəsində” adlı kitablarının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, hər iki kitab institutun Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Təqdimatı Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq Sona Xəyalın mədəni-tarixi, elmi-ədəbi irsimizin müxtəlif arxivlərdən toplanıb ərsəyə gəlməsindəki xidmətlərindən danışıb. O, bu kitabların ilk dəfə çap olunduğunu və gələcəkdə ciddi tədqiqat obyektləri olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov 100 kitab ərsəyə gətirmiş Sona Xəyalın təkcə bu il ərzində 7 kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. Ə.Nəcəfəov S.Xəyalın elmi-tədqiqatının çoxşaxəli olduğunu və onun ədəbiyyatla yanaşı, tarix, tibb, coğrafiya və s. sahələri əhatə etdiyini vurğulayıb. Əhməd Anatollunun “Əlli il Azərbaycan səhnəsində” adlı əsərindən danışan Ə.Nəcəfov adıçəkilən kitabda böyük aktyor-yazıçının bütün səhnə əsərlərinin, xatirələrinin, şeirlərinin, publisistik yazılarının toplandığını bildirib. O, bu kitabın tədqiqatçılara geniş meydan verəcəyini, dövrün sənət-ədəbiyyat mənzərəsini canlandırmağa şərait yaradacığıbnı bildirib.

Sonra kitabın redaktorlarından olan Nəbibə Səfərova söz alaraq kitab üzərində iş prosesindən danışıb. O, Əhməd Anatollunun aktyor kimi məşhur olmasına baxmayaraq, onun həm də istedadlı dramaturq, şair, yazıçı olduğunu bildirib. Redaktor onu da bilsirdi ki, məşhur məzhəkəçi kimi tanınan müəllif, adətən, oynadığı səhnəcikləri özü yazmışdır. Bu səhnəciklər həm mənzum, həm həm mənsur, həm də nəzmlə nəsrin növbələşdiyi əsərlərdir.

Əhməd Anatollunun yetişdiyi mühitin yetirməsi olan, şair Həsən Qulamov Əlyazmalar İnstitutunun əməkdaşlarının əməyindən qürur duyduğunu bildirib. O, bu institutun əməkdaşlarının son dərəcə xeyirxah missiya yerinə yetirdiyini, xalqımızın gizli qalan sərvətlərini üzə çıxardığını qeyd edib.

Şair-publisist Fəxrəddin Meydanlı Əhməd Anatollunun təkcə publisistik yaradıcılığından saatlarla danışmaq mümkün olduğunu bildirib. O, sonra öz şeirlərindən nümunələr oxuyub.

Görkəmli tədqiqatçı və istedadlı yazıçı Teyyub Qurban adıçəkilən kitabda toplanan əsərlərin daim yaşayacağını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, şair Arif Buzovnalı Əlyazmalar İnsititutunda qorunan əlyazmaların toplanıb nəşrə hazırlanmasının çətinliklərindən danışıb. Sonra şair Musa Ələkbərli, Hafiz Rüstəm, Ayaz Arabaçı və digərləri çıxış edərək nəşr olunan kitabların dəyərindən söhbət açıblar.

Sonda Əhməd Anatollunun nəticəsi Qorxmaz Səfərov söz alaraq kitabların ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığını bildirib.

elyazmalarinstitutu.com