Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmalar və çap kitabları” şöbəsinin qərarı ilə “Elm və təhsil” nəşriyyatında mərhum dilçi alim Vəli Vəliyevin vəfatının birilliyi ilə əlaqədar onun “Şahmat milyonlarla insanın sevimli oyunudur” adlı kitabı nəşr edilib.

Kitabı mərhumun həyat yoldaşı Laləzar Həsənova əlyazmaları əsasında çapa hazırlamışdır. Əlyazmaların mətn redaktoru fil.ü.e.d. Paşa Kərimov, ixtisas redaktoru beynəlxalq səviyyəli hakim Vilayət Quliyevdir. Dörd hissədən ibarət olan kitabda dərin düşünmə və təhlil etmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən, “ağlın gimnastikası” kimi dəyərləndirilən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, dünyanın qabaqcıl şahmatçılarının oyun taktikası, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.

Onu da qeyd edək ki, “Şahmat milyonlarla insanın sevimli oyunudur” Vəli Vəliyevin ikinci kitabıdır. Buna qədər müəllifin “Abbasqulu ağa Bakıxanovun dilçilik fəaliyyəti” adlı monoqrafiyası nəşr olunub.

elyazmalarinstitutu.com