Hamıya, hətta ölkəmizdən kənarda yaşayanlara da yaxşı məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir. Onun hərtərəfli fəaliyyəti, mədəniyyətimizin tərəqqisi sahəsində gördüyü işlər barədə mətbuatda kifayət qədər söz deyilmişdir. Bu yaxınlarda “Şərq-Qərb” nəşriyyatında çap edilmiş “Mehriban Əliyeva– Azərbaycan mədəniyyyətinin hamisi” adlı nəfis tərtibatlı, çoxsaylı fotoşəkillərlə zəngin kitab-albom Mehriban xanımın Azərbaycanın ictimai-siyasi, sosial həyatında fəal iştirakından, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi sahəsindəki xidmətlərindən bəhs edir. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Diqqətəlayiq haldır ki, kitab yalnız Azərbaycan dilində deyil, fransız dilinə də tərcümə edilmişdir. Bu barədə kitabda oxuyuruq: “Kitabı fransız dilində hazırlamaqda məqsədimiz isə Azərbaycanın və Azərbaycan qadınının siması olan xanım Əliyevanın çoxşaxəli fəaliyyətini 250 milyondan artıq fransızdilli insana çatdırmaqdır”. Doğrudan da, ömrü boyu Vətənimizin mədəniyyətini bütün dünyada təbliğ edən bir adamın həyat və fəaliyyəti barədə məlumatı ümumdünya ictimaiyyətinə çatdırmaq çox vacib vəzifədir.

Qeyd etdiyimiz kimi, illüstrativ materiallarla, fotolarla zəngin olan bu kitab iki hissəyə və fəsillərə bölünmüşdür. Birinci hissənin “Mehriban Əliyeva–Azərbaycan mədəniyyətinin hamisi” adlı birinci fəslində Mehriban xanımın valideynlərindən, ailəsindən, keçdiyi həyat yolundan, aldığı təhsildən, Heydər Əliyev Fondunun prezidenti kimi respublikamızda və dünyanın bir sıra ölkələrində onun rəhbərliyi ilə həyata keçirilən layihələrdən ətraflı danışılır. Burada deyim olaraq göstərilmişdir ki, tərbiyədə valideyn nümunəsi əsasdır və ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib. İnsanlara qarşı qayğıkeşlik, mədəniyyətə, incəsənətə, ədəbiyyata məhəbbət Mehriban xanımda erkən yaşlarından formalaşmış keyfiyyətlərdir. Humanizmi, mədəniyyətsevərliyi onu ictimai fəaliyyətə qoşulmağa sövq edən əsas məziyyətləridir.

Məlum olduğu kimi, Azərbaycanın birinci xanımının respublikada və beynəlxalq miqyasda aktiv ictimai fəaliyyəti 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisi ilə başlanıb. 2004-cü il may ayının 10-da isə Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müalicələrinin infrastrukturunu, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək və başqa layihələri həyata keçirmək üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondu yaradılır.

Azərbaycanın birinci xanımı uşaqların təhsilini və sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas qayəsi bilmişdir. Mehriban xanım həmişə, xüsusən də Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən biri kimi elan etmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları çərçivəsində çox böyük işlər görmüşdür. Fondun dəstəyi ilə 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı təmir edilmişdir. Bütün bunlar Mehriban xanımın rəhbərliyi ilə təhsil sahəsində görülən çoxsaylı işlərin kiçik bir hissəsidir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində səhiyyə sahəsinə çox böyük diqqət yetirilir. Mehriban xanım 1988-ci ildə “əla” qiymətlərlə bitirdiyi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Elmi Şurasının yekdil qərarı ilə 2012-ci ildə bu ali məktəbin fəxri professoru diplomu və Xatirə nişanı ilə təltif edilib.

Ulu öndərin adını daşıyan fondun ölkəmizdə səhiyyə sahəsindəki xidmətləri çoxdur və davam edir. Fondun insanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək layihələri xarici ölkələrdə də mühüm istiqamətlərdən biridir.

Xüsusi olaraq qeyd etmək istərdik ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ilə ölkəmizdə qadın hərəkatının forma və metodları müasirləşmişdir. Qadın hərəkatının yönü təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət və idman proqramlarına çevrilməklə bütün sahələrdə qadın və kişilər arasında imkanların bərabər tətbiqinə başlanmışdır. Mehriban xanım bütün layihələrində həm humanist dəyərlərin davamçısı, həm də Azərbaycanın birinci qadın xeyriyyəçisi kimi müqəddəs analığın xidmətindədir.

Kitabın “Mehriban Əliyevanın Azərbaycandakı mədəni irsin qorunması sahəsindəki fəaliyyəti” adlı ikinci fəslində birinci xanımın mədəniyyətə hamilik sahəsindəki geniş fəaliyyəti əksini tapmışdır. Zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə Mehriban Əliyeva hər zaman qayğı və sevgi ilə yanaşıb. Təsadüfi deyil ki, hər bir mədəniyyət xadimi, mədəniyyətlə əlaqəli şəxslər, Azərbaycan mədəniyyəti ilə maraqlananlar Birinci vitse-prezidenti mədəniyyətimizin hamisi kimi tanıyırlar. Mehriban xanımın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi. Təşkilatın əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Mehriban Əliyeva fondun işini 3 istiqamətə– mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirliyə yönəltmişdir. Azərbaycanın mədəniyyət, elm, təhsil, idman sahələrindəki uğurlarını ölkədə və beynəlxalq aləmdə tanıtmaq məqsədilə “Azərbaycan –İrs” jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr edilməyə başladı.

Ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi layihələrin həyata keçirilməsi Mehriban xanım Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri təyin olunmasından sonra daha geniş miqyas aldı. Məlum olduğu kimi, Mehriban Əliyeva ənənəvi musiqinin və mədəniyyətin inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Həm Heydər Əliyev Fondunun prezidenti, həm də UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin, müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması ilə bağlı geniş layihələr həyata keçirmişdir.

“Tarixi mədəniyyət abidələrimizin bərpası və mədəniyyət obyektlərinin inşası sahəsindəki fəaliyyəti” adlı üçüncü fəsildə Mehriban xanımın çoxşaxəli fəaliyyətinin mühüm sahələrinin birindən bəhs olunur. Azərbaycan ərazisində zəngin tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət abidələri günümüzə qədər gəlib çatmışdır. Onların öyrənilməsi nəticəsində Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması sübuta yetirilmişdir. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, mədəniyyətin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, yeni mədəniyyət ocaqlarının yaradılması istiqamətində aparılan işlər 2004-2015-ci illər ərzində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın reallaşdırdığı layihələrdir. Qədim Gəncəmizin tarixinə dair iki abidə Çar Rusiyasına qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Cavad xanın məzarının, VII əsrə aid Comərd Qəssabın türbəsinin öz yerində bərpası Heydər Əliyev Fondunun rəhbərinin təşəbbüsü və köməyi ilə həyata keçirilmişdir. “Caspian Energy” jurnalına müsahibəsində Mehriban Əliyeva aşağıdakıları demişdir: “Həqiqətən, Azərbaycanın mədəni-tarixi irsinin inkişafı və qorunması bizim birinci dərəcəli məsələlərimizdən biridir. Biz ölkənin bu maraq dairəsində baş verən hadisələri diqqətlə izləyirik və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm.

Comərd Qəssab həqiqətsevər insan olub, müasirlərinin böyük hörmət və ehtiramını qazanmışdı. O, Azərbaycanın ilk müsəlmanlarından biri kimi rəvayətə görə, imam Əlinin də etibarını və hörmətini qazanmışdı.

Gəncə xanlığının müstəqilliyi uğrunda Rusiya imperiyasına qarşı mübarizə aparmış Cavad xan həyat və fəaliyyəti ilə bizim ölkənin vətəndaşlarına nümunə olan bir şəxsiyyətdir.

Bu xadimlərinin tariximizdəki rolunu yüksək qiymətləndirərək, Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üstündə məqbərə ucaldılmış, Comərd Qəssabın məqbərəsi köhnə layihələrə uyğun, qədim dövrün kərpicləri ilə bərpa olunmuşdur”.

Hazırda bu cür bərpa edilmiş, əvvəlki simasına sahib olmuş tarixi abidələrimizin siyahısı kifayət qədər uzundur. Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu ulularımızdan bizə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün məqsədyönlü və konkret fəaliyyət planına malikdir.

“Musiqi layihələri” adlı dördüncü fəsildə qədim tarixə malik musiqi mədəniyyətimizin inkişafı sahəsində görülən işlərdən danışılır. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafı və təbliği, Azərbaycan milli musiqi irsinin hifz edilməsi, dünya incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Heydər Əliyev Fondu daim Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi cəhətdən saflaşmasına və yüksəlişinə, milli mədəniyyətin yad təsirlərdən qorunmasına yönəldilmiş xoşməramlı missiyanın daşıyıcısıdır.

Mehriban Əliyeva müəllifi və rəhbəri olduğu “Azərbaycan muğamları” layihəsinin “Qarabağ xanəndələri” adlı tarixi, elmi, mədəni dəyərlərə malik ilk bölümünü 2005-ci ilin mart ayında Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısında təqdim etmişdir. Qarabağ muğam məktəbi, onun tanınmış nümayəndələri haqqında nəfis şəkildə tərtib olunmuş kitab Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağın çoxəsrlik muğam tarixini əks etdirir. Xalqımızın bənzərsiz muğam sənəti nümunələri Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlu, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, İslam Abdullayev, Bülbül, Zülfü Adıgözəlov, Əbülfət Əliyev və müasir muğam ustalarının, cəmi 24 sənətçinin ifasında səsləndirilən “Qarabağ xanəndələri” kompakt diskləri hazırlanmışdır. Xalqımızın çoxəsrlik muğam tarixini əks etdirən bu musiqi albomu Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində nəşr edilmişdir. Tədbirdə Qarabağ muğamı haqqında danışan xoşməramlı səfir Mehriban Əliyeva həm də mənəvi işğala məruz qalmış Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qədim muğam sənətimizin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam televiziya müsabiqələri keçirilməyə başlanmışdır. Artıq ənənə şəklini almış bu müsabiqələr xalqımızın sərvəti olan muğamın incəliklərini respublikamızda və xaricdə yaşayan azərbaycanlılara aşılamaq, həm də bu sənəti qorumaq, inkişaf etdirmək məqsədilə 2005, 2007, 2009, 2011, 2013, 2015-ci və 2017-ci illərdə keçirilib, qaliblər Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb.

Əgər kitabın birinci hissəsində söhbət Mehriban xanım Əliyevanın ölkə daxilində gördüyü işlərdən gedirsə, ikinci hissədə onun mədəniyyətimizin, ölkəmizin dünya miqyasında tanıdılması sahəsindəki fəaliyyətindən danışılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ilə bağlı reallaşan ilk tədbirlərdən biri Avropa İttifaqının üç vacib qurumundan biri olan Avropa Parlamentinin mənzil-iqamətgahında keçirilmişdir. 2009-cu il noyabrın 10-da Avropa Parlamenti deputatlarının, Avropa İttifaqı təsisatları və Belçika hakimiyyət dairələri rəsmilərinin iştirakı ilə təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri xalqımızın qədim tarixinə, zəngin mədəniyyətinə, incəsənətinə və mətbəxinə həsr edilmişdir. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, o cümlədən musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor, milli rəqs, Azərbaycan xalq mahnıları və muğamları, caz musiqisi və mətbəximiz iştirakaçılara xüsusi təsir bağışlamışdır.

Mövcudluğu ilə xalqın məhəbbət və inamını qazanan Heydər Əliyev Fondu Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılığa xüsusi diqqət yetirmişdir. Azərbaycan milli mədəniyyət tarixində özünəməxsus yer tutan Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməzliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Azərbaycan mədəniyyətinin qədim sahələrindən biri olan xalçaçılıq sənətinin təbliği üçün 2010-cu ilin noyabr ayında Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgi keçirilmişdir. Dünya mədəniyyətinin şah əsərləri sırasında yer alan Azərbaycan xalçalarından ibarət Londonda keçirilən sərgidə rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar 2011-ci ildə Fransanın paytaxtı Parisdə, Rusiya Federasiyasının paytaxtı Moskvada, Vatikan dövlətində, İtaliyanın paytaxtı Romada Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirliklərinin dəstəyi ilə keçirilən “Azərbaycan gecəsi” adlı tədbirlər mədəniyyət və incəsənətimizin dünyada təbliğində mühüm rol oynamışdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü, rəhbərliyi və Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində görülən işləri bir yazıda əhatə etmək mümkün deyil. Sevindirici haldır ki, Mehriban xanımın çoxşaxəli fəaliyyətinə həsr edilmiş kitab Azərbaycan oxucuları ilə bərabər, həm də çoxmilyonlu fransızdilli oxucular üçün nəzərdə tutulmuşdur. Çünki Mehriban xanım Əliyevanın gördüyü işlər müstəqil Azərbaycanın tərəqqisi, inkişafı yolunda görülən möhtəşəm işlərin ayrılmaz tərkib hissəsidir və dünya ictimaiyyətinin bu barədə məlumatlanmasını ancaq alqışlamaq olar.

Vəli ƏLİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

tarix elmləri doktoru, professor

Xalq qəzeti