30 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda Məhəmməd Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik–kaibi, akademik Teymur Kərimli, institutun əməkdaşları və digər qonaqlar iştirak ediblər.

AMEA-nın prezidenti, akademik A.Əlizadə M.Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində mədəni irsimizin dünyada tanıdılması istiqamətində əsl dönüş başlandığını bildirib. A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsini onun müstəsna dəyəri ilə əlaqələndirib. O, deyib ki, bu həmin irsin bəşəriyyət üçün mühüm əhəmiyyətini bir daha təsdiqləyir. E.Sultanov Beynəlxalq Reyestrin həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şərait yaratdığını qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də YUNESKO qeydiyyatını respublikamız üçün uğurlu bir addım kimi dəyərləndirib. O deyib ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. YUNESKO rəhbərliyi əlyazmanın əhəmiyyətini və mahiyyətini düzgün dəyərləndirib. Akademik təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda da bu məqama işarə edildiyini bildirib. O, əsərin YUNESKO-nun baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Beynəlxalq Reyestrə salındığını bildirib.

AMEA-nın Humanitar Bölməsinin müdiri, akademik Teymur Kərimli Əlyazmalar İnstitunun böyük xəzinə olduğunu və bu xəzinənin dünyaya tanıdılmasının vacibliyini vurğulayıb. Daha sonra çıxış edən akademik Rəfael Hüseynov, filolologiya üzrə elmlər doktoru Paşa Kərimov və digərləri çıxış edərək Məhəmməd Füzulinin həyatı, yaradıcılığı və irsi barədə məlumat veriblər.

elyazmalarinstitutu.com

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun tədbirdəki çıxışından:

Bundan öncə Əlyazmalar İnstitutunda tibb tarixinə dair üç əlyazmamız YUNESCO-nun Dünyanın Yaddaşı proqramına daxil edilmişdi, lakin həmin əsərlərin müəllifləri- İbn Sina, Zəhravi, Zeynəddin Cürcani azərbaycanlı deyildi və əlyazmalar da Azərbaycan əlyazmaları deyildi. Bu əsərlər orta əsrlərdə ölkəmizdə mədəniyyətin, elmin, təhsilin yüksək səviyyəsini göstərmək üçün çox vacibdir. İlk dəfə olaraq Azərbaycan müəllifinin əsəri, Azərbaycan əlyazması YUNESCO-nun Dünya Yaddaşı proqramına daxil edilir. Təsadüfi deyil ki, bu məhz dahi şairimiz Məhəmməd Füzulinin türk divanıdır. Bu barədə Mədəniyyət Nazirliyində 2014-ci ilin fevralında söhbətimiz olmuşdur. Birincisi, Nizami və Nəsimi kimi Füzulini də əlimizdən almaq istəyənlər vardır. Moskva və Sankt-Peterburqun elmi məcmuələrində belə yazılar çap edilmişdir. İkincisi, Füzuli adi bir şair deyil, bizim üçün dövlət səviyyəli şəxsiyyətdir. O, Azərbaycan türkcəsində poeziyanın şöhrətini Osmanlı imperatorluğundan Orta Asiyaya, Türküstana, Əfqanıstana qədər yayan, bu gün də bu geniş bölgədə böyük nüfuza malik, poeziyada şəksiz avtoritet sahibi olan sənətkardır. Azərbaycan türkcəsi, türk dili qarşısındakı xidmətlərinə görə müstəqil Azərbaycanda o, dövlət səviyyəli sənətkar hesab edilməlidir.

Qeyd edək ki, Füzulinin əlyazma irsinin dünya kitabxanalarından toplanması sahəsindəki fəaliyyətimiz bu gün də davam edir. Son zamanlarda Almaniyanın Drezden şəhərinin kitabxanasından, Polşanın, Çexiyanın kitabxanalarından Füzuli divanının yeni əlyazma nüsxələrinin surətləri əldə edilib. Ankara Millət Kitabxanasından şairin oğlu Fəzlinin naməlum şeirləri tapılmışdır.

Füzuli irsinin geniş bir bölgədə yayıldığından danışdıq. O, Kərbəlada dünyaya gəlmişdir. Osmanlı təzkirələrində Füzuli Bağdadi nisbəsi ilə yad edilir. Şair dünyaya gələrkən Kərbəla Ağqoyunluların, gəncliyində Səfəvilərin, kamil yaşlarında Osmanlıların tabeliyində idi. O, ömrünün ən kamil dövrünü Osmanlı dövlətinin vətəndaşı kimi yaşamışdır. Üç dildə divan müəllifi Füzuli mənbələrdə Mövlana adlandırılır.

Şairin öz xətti ilə yazdığı divan əlimizə çatmayıb. Sadiq bəy Əfşar “Məcməül-xəvas” əsərində belə bir nüsxəni gördüyünü deyir. Lakin nəzərə almaq lazımdır ki, Füzuli özü şeirlər toplusunu “Müxtəsər divan” adlandırmışdır. 1944-cü ildə Füzulinin türk divanının ilk elmi-tənqidi mətnini hazırlayan akademiz Həmid Araslı əhəmiyyətini nəzərə alaraq 1958-ci ildə bu əlyazmanın faksimile nəşrini çap etdirmişdir. Sonrakı illərdə Əbdülbaqi Gölpınarlı və Əli Nihad Tərlan tərtib etdikləri Füzuli divanının müqayisəli mətnində bu əlyazmanı və H.Araslını tərtib etdiyi mətni nəzərə almışlar.

76 vərəqdən ibarət bu əlyazmanı Səidi təxəllüsü ilə məşhur olan Mahmud ibn Davud Ulanyavi 1569-1572-ci illərdə köçürüb. Əminəm ki, bu əlyazmanın YUNESCO-nun Dünyanın Yaddaşı Proqramına daxil edilməsi ədəbiyyatımızın, mədəniyyətimizin təbliğinə xidmət edəcək, milli varlığımızı inkar edənlərə tutarlı cavab olacaqdır.