AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahın (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunmuş “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə tərcüməsinin surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 1392-ci ildə Dəməşqdə dünyaya gələn Əhməd ibn Məhəmməd ibn Ərəbşahı Teymur uşaq ikən Səmərqəndə aparıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Mehmedin yanında xidmət edib, sonra Teymurun hakimiyyətinə dair “Əcaib əl-məqdur” adlı əsər yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilində Parisdə çap edilib. Əsərin Seyid Hüseyn tərəfindən dilimizə tərcümə olunmuş 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etmək olar.

azertag.az