Əlyazmalar İnstitutunun əməkdaşı Zemfira Məmmədova XII əsrdə yaşamış görkəmli təbib Zeynəddin ibn Əbu İbrahim İsmayıl əl-Cürcaninin “Qədim dövr tibbinə dair kitabça” əsərini farscadan ruscaya tərcümə edib. Kitabın redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov və tar.ü.e.d. Fərid Ələkbərlidir. Kitab Zeynəddin Cürcaninin “Zəxireyi-Xarezmişahi” (“Xarəzmşahın xəinəsi”) adlı tibbi əsərinin müxtəsər nüsxəsidir. İri həcmi “Zəxireyi-Xarezmişahi” əsəri ilə tanış olan Qızıl Arslan Əbu əl-Müzəffər ibn Xarəzmşah onun müxtəsər nüsxəsinin yazılmasını Cürcaniyə sifariş etmiş və beləliklə tibb alimi “Qədim dövr tibbinə dair kitabça” (“Xəfi-Əlayi”) əsərini ərsəyə gətirmişdir. Kitabda insan sağlamlığı üçün faydalı məsləhətlərdən – fəsillərin insan orqanizminə təsiri, yemək-içmək qaydası, həcamət haqqında, eləcə də o dövrdə yayılmış xəstəliklərin müalicəsindən, müxtəlif xəstəliklərə qarşı hazırlanmış çoxlu sayda bitki və heyvan mənşəli dərmanlardan bəhs olunur. Qeyd edək ki, Z.Məmmədova 2016-cı ildə sözügedən kitabı fars dilindən Azərbaycan dilinə tərcümə etmişdir (Zeynəddin ibn Əbu İbrahim İsmayıl əl-Cürcani – Xəfi-Əlayi (Xəstəliklər və onların müalicəsinin müxtəsər şərhi) ”Elm və Təhsil” 2016). Kitab böyük maraq doğurduğu üçün və onun tibb tarixinin öyrənilməsində yararlı ola biləcəyini nəzərə alaraq tərcüməçi əsəri ruscaya tərcümə edib. Bu kitab mütəxəsssislərlə yanaşı geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

manuscript.az