27 mart Azərbaycanda Elm Gününün qeyd edilməsi ilə əlaqədar Əlyazmalar İnstitutunun ekspozisiya zalında açıq qapı günü elan edilib. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov ziyarətçilərə burada nümayiş olunan əlyazmalar haqqında ətraflı məlumat verib. O, bildirib ki, orta əsrlərdə Azərbaycanda elmin bütün sahələri geniş vüsətlə inkişaf edirdi və cəmiyyətdə multidissiplinar bir mühit yaranmışdı. İbn Sina, Nəsirəddin Tusi kimi alimlərin əsərləri latın dilinə tərcümə edilərək Avropada yayılırdı. Azərbaycanda tibb və astronomiya, riyaziyyat və minerologiya, fəlsəfə və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiyaya dair türk, fars və ərəb dillərində dəyərli əsərlər meydana çıxırdı. Əlyazmalar İnstitutunda qorunan və nümayiş olunan əlyazmalar bunun əyani sübutudur. İnstitutda təkcə tibbə dair 1453 əlyazma saxlanılır. Burada hətta kulinariyaya dair əsər də qorunmaqdadır. P.Kərimov əlavə edib ki, bütün sahələri əhatə edən əlyazmaların tədqiqi, tərcüməsi, kataloqlaşdırılması və nəşri ilə məşğul olan Əlyazmalar İnstitutu indiyədək çoxsaylı uğurlara imza atıb. Ziyarətçilər Əlyazmalar İnstitutundan xoş təəssüratlarla ayrılıblar.

manuscript.az