Əlyazmalar İnstitutunda 31 mart 1918-ci il tarixində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsi yad edilib. Tədbirin açılışında erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov ötən əsrin əvvəllərində Çar Rusiyasının havadarlığı ilə erməni daşnaklarının törətdiyi qırğınlar haqqında məlumat verib. Natiq söyləyib ki, 1918-ci il martın 31-də təcavüzkar ermənilər təkcə Bakıda körpələr, qocalar, qadınlar dadaxil olmaqla 12 minə yaxın Azərbaycanlını amansızcasına qətlə yetiriblər. P.Kərimov Əlyazmalar İnstitutunun binasının yerləşdiyi indiki İstiqlaliyyat küçəsinin də həmin qanlı hadisələrə şahid olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda o, bildirib ki, 31 mart soyqırımı, eləcə də Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş digər soyqırım hadisələri haqqında araşdırmalar daim davam etməlidir, erməni vəhşilikləri bütün dünyaya daha yüksək səslə çatdırılmalıdır.

Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov 1905-ci ildən başlayan erməni vəhşiliyinin 1918-ci il 31 mart tarixində daha geniş vüsət aldığını söyləyib. O, nəzərə çatdırıb ki, dinc sakinlərə qarşı qırğınlar təkcə Bakıda deyil, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Qarabağ və Naxçıvan bölgələrində də törədilirdi. Silahlı erməni dəstələri insanlığa sığmayan qəddarlıqla əhalini qətlə yetirir, şəhərləri, kəndləri xaraba qoyurdu. Ümumi sayı 50 mindən çox olan 31 mart soyqırım qurbanları haqqında çıxış edən fil.ü.f.d. Yusif Bağırov təcavüzkar erməni daşnaklarının qanlı əməllərinin Çar Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğunu söyləyib.

Digər çıxışçı, fil.ü.f.d. Aytən Quliyeva məlum hadisəyə Azərbaycanın Ümumilli lideri Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini və bunun nəticəsində Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu nəzərə çatdırıb. Tədbirdə Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı erməni vəhşiliklərini əks etdirən videoçarx nümayiş etdirilib.

manuscript.az