Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

Tədbirdə YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli Nəsiminin yaradıcılığına nəzər salıb, onun Azərbaycan xalqının XIV yüzillikdə yetirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. S.Əhmədli şairin İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib, Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Ədəbiyyat İnstitutunun mətbuat və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, görkəmli ədəbiyyatşünas alim, professor Vüqar Əhməd Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairinin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Tədbirdə AzMİU-nun tələbələri Behzad Nikzad, Kardelen Aqum, Biləl Diler, Murad Təbrizli və Nüsrət Fərəcli şairin qəzəllərini oxuyublar.

Sonda VI muğam müsabiqəsinin Qran-Pri mükafatının qalibi Almaxanım Əhmədli Nəsiminin qəzəllərinə yazılmış musiqi parçaları ifa edib.

azertag.az