Bu yaxınlarda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici ölkə səfirləri ilə keçirdiyi görüşdə Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbes Benmoussat Mehriban xanıma AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərovanın tərtib etdiyi “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı kitabı təqdim edərək ondan avtoqraf alıb. Kitab Azərbaycan və fransız dillərində yazılıb. Fotoşəkillərlə zəngin olan bu nəfis kitabda Mehriban xanımın Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya tanıdılması yolundakı çoxşaxəli fəaliyyəti həm də fransızdilli oxuculara çatdırılır. Aprel ayının 5-də kitabın tərtibçisi Əzizə Ələkbərova və elmi redaktoru - Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əlcəzairin Azərbaycandakı Səfirliyini ziyarət ediblər. Səfir Abbes Benmoussat və xanımı Linda Fadia Benmoussatla söhbət edən əməkdaşlarımız Azərbaycan mədəniyyətinə, M.Əliyevanın yorulmaz fəaliyyətinə həsr edilmiş bu kitaba göstərdikləri diqqətə görə onlara minnətdarlıqlarını bildiriblər və onları Əlyazmalar İnstitutuna dəvət ediblər.

manuscript.az