Zaman ötdükcə bir daha əmin oluruq ki, ulu öndər Heydər Əliyevin sovet dövründə də, müstəqillik zamanında da Azərbaycanda siyasi hakimiyyətə gəlməsi tarixi zərurət idi. Onun 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıtdığı günün Milli Qurtuluş Günü adlandırılması çox böyük tarixi həqiqətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov bildirib. O qeyd edib ki, xalq sadəcə xaosdan, öz dövlətçiliyini itirmək qorxusundan qurtulmadı, insanlarda torpaqlarımızın düşməndən azad ediləcəyinə, sosial mühitin yaxşılaşacağına, elmin, mədəniyyətin sürətlə inkişaf edəcəyinə, Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutacağına ümid yarandı.

“Yaxşı yadımdadır, sovet dövründə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zamanlarda Ulu Öndər respublikamızda elmin inkişafına əlindən gələn köməyi əsirgəmirdi. Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərarı ilə müəssisənin bazası möhkəmləndirilərək maddi-texniki təchizatı yüksəldilmişdi. 1982-ci ildə müəssisə Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalardan birində yerləşdirildi. Ümummilli Lider alimlərlə görüşlərində dəfələrlə bildirib ki, həmin binada bir neçə müəssisə yerləşmək istəyirdi. Lakin o, milli mədəniyyətimizin öyrənilməsində əlyazma irsimizin əhəmiyyətini nəzərə alaraq binanı Əlyazmalar Fonduna vermək qərarına gəlib.

Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu sözün həqiqi mənasında elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərirdi. Lakin Tiflis və İrəvandakı əlyazmaları tədqiq edən müəssisələrə institut statusu verən Moskva bu statusu Bakıdakı əlyazma mərkəzinə vermək istəmirdi. Alimlərimiz ən yüksək instansiyalara dəfələrlə müraciət etsələr də müsbət cavab ala bilmirdilər. Onlar yeganə çıxış yolunu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevə müraciət etməkdə gördülər. Heydər Əliyevin yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162R nömrəli sərəncamı, bir qədər sonra Azərbaycan SSRİ Nazirlər Sovetinin 1986-cı il 11 noyabr tarixli 398R nömrəli qərarı və Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 1982-ci il 4 dekabr tarixli 223 nömrəli qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edildi. İndi bir neçə postsovet respublikasında əlyazmalar institutları yaradılıb. Hazırda bu, o qədər də çətin məsələ deyil. Müstəqil ölkələrdə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsinin, institutun təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə Azərbaycanda Əlyazmalar İnstitutunun təsis edilməsi çox böyük hadisə, hünər idi və bu hünərin sahibi Ümummilli Liderimiz idi”, - deyə professor Paşa Kərimov vurğulayıb.

Müsahibimiz xatırladıb ki, o zaman Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli idi. Belə ki, bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində israr edirdi. Sonralar hamı görkəmli dövlət xadimi Heydər Əliyevin qərarının nə qədər məntiqi olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adını daşımalıdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə AMEA-nın Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi. Ümummilli lider Heydər Əliyev işinin çoxluğundan asılı olmayaraq həmişə yazılı abidələrimizi, əlyazmalarımızı, çoxəsrlik elmi və ədəbi irsimizi düşünürdü.

Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ziyalılarımız Ulu Öndərin bu müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edirlər.

azertag.az