Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda IV Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu görüşdə gənclər görkəmli şairimiz Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə həmsöhbət olublar. Görüşdə GƏM-in dinləyicilərindən əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin tələbələri, keçmiş GƏM-in müdavimləri, oxucular, Əli Kərim yaradıcılığını sevənlər iştirak ediblər.

AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid Əli Kərim yaradıcılığı haqqında məlumat verib, Azərbaycan poeziyasında orijinal üslubu ilə seçilən bu təkrarsız şairi indiki gənclərin çox da yaxşı tanımadıqlarından gileylənib.

Görüşdə Əli Kərimin AYB-nin təşəbbüsü ilə bu yaxınlarda "Qanun" nəşriyyatında çap olunan "Metronun yaylı qapıları" şeirlər kitabı da gənclərə təqdim edilib. Kitabın ərsəyə gəlməsindən danışan Rəşad Məcid deyib ki, nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü tamam olan Əli Kərimin şair kimi əbədiyaşarlığını bir daha isbatlamaq, poeziyasının ən səciyyəvi cəhətlərini əks etdirmək baxımından xüsusi önəm daşıyır. Kitab Əli Kərim poeziyasının vurğunları, eləcə də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər, gənc qələm sahibləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Daha sonra R.Məcid kitabdakı ilk şeiri - "Atamın xatirəsi"ni oxuyaraq deyib ki, 60 il öncə yazılmış, ata xarakterini dolğun əks etdirən bu əsər yenə də dipdiridir, dəyərlidir. Sonra kitabdakı axırıncı şeiri oxuyan R.Məcid deyib ki, əgər ilk şeiri şairin atası haqqında idisə, sonuncu "Vəsiyyət" şeiri oğlanlarına xitabdır: "Əli Kərim ədəbiyyatımıza yeni istiqamət gətirən şairlərimizdən biridir. O, çox cavan, cəmi 38 yaşında vəfat etməsinə, aradan bu qədər illər keçməsinə baxmayaraq, qiymətli əsərlərilə yaşayır, sevilir. Bizim bu kitabı çap etməkdə məqsədimiz siz gəncləri Əli Kərim yaradıcılığı ilə daha yaxından tanış etməkdir. Mən bu kitaba yazdığım ön sözü "Qırx il öncənin heyrəti" adlandırdım. Çünki həqiqətən də Əli Kərimin şeirləri ta qırx il öncə oxuyarkən məni necə heyrətləndirmişdisə, bu gün oxuyanda yenə də eyni heyrəti yaşayıram. Onun poeziyasında ən sevdiyim şeirlərdən biri "Metronun yaylı qapıları"dır, ona görə kitabı da məhz belə adlandırdıq".

R.Məcid qonağı gənclərə təqdim edərək bildirib ki, Əli Kərim poeziyası haqqında danışmaq üçün çox filoloqları, ədəbiyyatşünasları çağırmaq olardı: "Ancaq düşündük ki, onun haqqında ən yaxşı elə öz oğlu danışa bilər. Paşa müəllim Əli Kərim poeziyasını yaşadan insanlardandır. Kitabı çap edərkən də bizə çox köməyi oldu. Onunla görüş yalnız Əli Kərim poeziyası üstündə qurulmaya da bilər. Çünki Paşa müəllim həm də ədəbiyyatımızın ən sanballı araşdırmaçılarından biridir".

Gənclərlə görüşdən böyük məmnunluq duyduğunu deyən Paşa Əlioğlu söhbətinə çağdaş poeziya haqqındakı düşüncələriylə başlayıb: "Çağdaş poeziyanı yaxından izləyirəm. Mənə maraqlıdır ki, şeir yaradıcılığı hansı yöndə irəliləyir. Bəli, bizim çox gözəl klassik poeziyamız var, amma şeir elədir ki, gərək heç zaman solmasın. Hər dövrün öz ədəbiyyatı var. İnsan var olduqca ədəbiyyat da, şeir də var olacaq".

Əli Kərimin sözügedən kitabın çapına görə AYB-yə təşəkkürünü bildirib, atasının ölümündən keçən 50 ilin sadəcə bir göstərici olduğunu vurğulayıb: "Yaradıcı şəxsin əsərləri xatırlanırsa, obrazları yaşayırsa, xatirəsi əziz tutulursa, bu, elə o adamın hələ də yaşamağı deməkdir. Deməli, Əli Kərim ədəbiyyatımızda öz sözünü demiş şairdir ki, ölümündən 50 il keçməsinə baxmayaraq, yenə də oxunur, axtarılır. Əli Kərim şeirindən danışarkən onun yaşadığı dövrü mütləq nəzərə almaq lazımdır. Çünki o, Sovet dövrünün ən gərgin zamanlarında yazıb-yaradırdı. Bu, o dövr idi ki, Sovet ədəbiyyatı deyilən bir məfhum da vardı və yazıçı, şairlər bundan çox əziyyət çəkirdilər. Əli Kərim isə Rusiyada ədəbiyyat təhsili alarkən yaradıcı azadlığın dadını görmüşdü, çox böyük ədəbiyyatçılarla tanış olmuşdu və dünyagörüşü də məhz bunlara uyğun şəkildə formalaşmışdı. O deyirdi ki, bizim ədəbiyyatımız qədimlərdən gələn ədəbiyyatdır və dünya ədəbiyyatının tərkib hissəsidir. Bu iki göstərici onun yaradıcılığında da çox yaxşı görünür. Əli Kərimin şeirlərinin hər biri yeni mövzudur, yeni obrazdır. Bəzən bir şeirdə bir neçə mövzu görünə bilir. Onun bütün obrazları yeni kəşfidir. Əli Kərimin nəsr əsərləri, "Pillələr" romanı, ömrünün sonlarında yazdığı povesti də var. O povestdə müharibə illərini qələmə alıb".

Sonra Paşa Əlioğlu Əli Kərimin bəzi şeirlərinin yaranma tarixçələrini, maraqlı xatirələri gənclərlə bölüşüb və deyib ki, şairin üslubunun təkrarsızlığı da məhz kiçik həyat hadisələrinə poetik yanaşmasıdır: "Onun şeirlərində yumor da var. Amma bu yumorda o qədər böyük etika var ki, bəzən həmin yumoru da hiss edə bilmirsən. Bu da bizim klassik ədəbiyyatımızdan gəlir. Onun yaradıcılığınə çox zaman dünya poeziyası ilə əlaqələndirsələr də, Əli Kərim heç zaman folklorumuzdan, klassik poeziyamızdan ayrı olmayıb. Onun Nəsimiyə, Füzulliyə yazdığı şeirlər də buna nümunədir".

Daha sonra gənclər Əli Kərimin "Metronun yaylı qapıları" kitabından seçdikləri nümunələri oxuyub, onları maraqlandıran sualları qonağa ünvanlayıblar. Görüş diskussiya şəklində davam edib. Sonda Paşa Əlioğlu atasının kitablarını iştirakçılar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

525.az