Oktyabrın 14-də Azərbaycan Milli Kitabxanasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimat mərasimi keçirilib. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 7-ci Bakı Zirvə Görüşü münasibəti ilə “Türk dünyası həftəsi” çərçivəsində baş tutan tədbirdə bir sıra tanınmış alimlər iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə Milli Kitabxananın direktoru, professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov açıb. Adıgedən kitabı ərsəyə gətirdiyi üçün müəllifi alqışlayan professor bu monoqrafiyanın nizamişünaslar üçün dəyərli mənbə olduğunu bildirib.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov öz çıxışında bu kitabın Nizami Gəncəvinin türklüyünü şübhə altına alan, onun milliyyətcə fars olması ilə bağlı təbliğat aparan əcnəbi alimlərə tutarlı cavab olduğunu qeyd edib. Bildirib ki, XII əsrdə Nizami öz fəlsəfi fikirlərini cəmiyyətə çatdırmaq məqsədilə əsərlərini farsca yazıb.

Sonra söz kitabın baş elmi məsləhətçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslıya verilib. Professor Avropa nizamişünaslarından fərqli olaraq, Azərbaycan nizamişünaslarının Nizaminin öz əsərlərində gizli şəkildə bəyan etdiyi fikirləri çözməklə tədqiqat apardıqlarını bildirib. Ə. Nəcəfzadənin də belə alimlərdənolduğunu qeyd edərək, onun əməyini yüksək qiymətləndirib. Nizaminin milli mənsubiyyətinin türk olması ilə bağlı geniş nitq söyləyən Gəncə Dövlət Universitetinin professoru, Nizamişünaslıq Mərkəzinin rəhbəri Xəlil Yusifov Nizaminin elmi şərhinin ədəbiyyatşünaslıqda yer almasının zəruriliyini vurğulayıb. Eyni mövzu üzrə çıxış edən AYB-nin katibi, yazıçı İlqar Fəhmi bəyan edib ki, Nizaminin əsərləri ilə fars şairlərinin əsərlərini dil baxımından müqayisə etdikdə, Nizaminin təmiz fars dilində yazmadığını, o dilin incəliklərinə varmadığını görürük ki, bu da Nizaminin farsca düşünmədiyinin, türklüyünün sübutudur. BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Əskər kitabın əhəmiyyətindən bəhs açaraq, Ə.Nəcəfzadənin tədqiqatını yüksək qiymətləndirib.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, nizamişünas alim professor Seyfəddin Rzasoy kitabda səslənən fikirlərin Ə.Nəcəfzadə tərəfindən sistem halına salındığını qeyd edib və bu kitab sayəsində Azərbaycan ədəbiyyatı tarixinə baxış konsepsiyasının dəyişdiyini vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Lalə Əlizadə qeyd edib ki, kitabda 29 alimin Nizami ilə bağlı fikirlərini şərh edən Ə.Nəcəfzadə, həm də ustalıqla öz təhlillərini aparıb.

Digər çıxışçı – Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın elmi redaktoru dosent Əkrəm Bağırov kitabın ərsəyə gəlməsində Ə.Nəcəfzadənin 100-dən artıq elmi mənbədən istifadə etdiyini, maraqlı təhlillər apardığını söyləyib.

Əlyazmalar İnstitutunun böyük elmi işçisi, kitabın mətn redaktoru dosent Tünzalə Seyfullayeva monoqrafiyanın müəllif tərəfindən xronoloji ardıcıllıqla mükəmməl tərtib olunduğunu qeyd edib və bildirib ki, bu kitab Nizamini fars şairi kimi təqdim edənlərə onun türk olduğunu təsdiqləyən sübutdur.

Sonda kitabın müəllifi Əzizağa Nəcəfzadə tədbirin təşkilatçılarına öz minnətdarlğıını bildirib.

manuscript.az