Oktyabrın 30-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb, dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu söyləyib. Bildirilib ki, Sərəncama əsasən, AMEA-nın müxtəlif institut və təşkilatlarında İmadəddin Nəsimi ilə bağlı çoxsaylı tədbirlər keçirilir, elmi-tədqiqat işləri, araşdırmalar aparılır.

Konfransda “Nəsimi irsinin günümüzdə dəyəri və əhəmiyyəti haqqında” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva bu ilin ölkə rəhbəri tərəfindən “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olaraq xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, bu Sərəncamın ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürü olduğunu söyləyib. Bildirib ki, “Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, Nəsimi irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verməklə yanaşı, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırır. “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairinə həsr edilmiş beynəlxalq festivallar, sərgilər, müsabiqələr keçirilir, yeni tamaşalar qoyulur, musiqi kompozisiyaları hazırlanır, yeni tədqiqatlar işıq üzü görür.

O, “Nəsimi ili” çərçivəsində Şərqşünaslıq İnstitutunda da elmi-tədqiqat işlərinin aparıldığını, kitab və monoqrafiyanın çapa hazırlandığını söyləyib. Vurğulayıb ki, institutun “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi dahi mütəfəkkir Nəsiminin 650 illik yubileyinə həsr edilib.

G.Baxxşəliyeva Nəsiminin 600 illik yubileyinin hələ keçmiş sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu və UNESKO-nun tədbirlər siyahısına daxil edildiyini söyləyib.

Nəsimini böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyduğunu deyib: “Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığı istibdada, sosial ədalətsizliyə, qəddarlığa, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır”.

G.Baxşəliyeva bildirib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir. Məruzəçi Nəsimim irsinin günümüz üçün dəyəri və əhəmiyyətini onun yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, şairin dil tariximizdə müstəsna rolu və xidmətləri ilə bağlayıb.

Qeyd edilib ki, Nəsiminin ədəbi dil tariximizdə müstəsna rolu və xidmətləri var. Şair fars və ərəb dillərində də şeirlər yazmasına baxmayaraq, əsas hünərini ana dilindəki yaradıcılığında göstərib, ədəbi dilimizin yetərincə saf və canlı bir şəkildə klassik Şərq poetikası sisteminə uyğunlaşmasına nail olub. Başqa sözlə, o, türkcənin hədsiz ifadə imkanlarını nümayiş etdirərək, onun rəqib dillər qarşısında ədəbi statusunu təmin və təsbit edib. Bununla da Nəsimi çətin bir vəzifənin öhdəsindən uğurla gəlib, böyük bir yolun təməlini qoymaqla xələflərinin işini asanlaşdırıb.

AMEA-nın Əlyazmaları İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Nəsimi və davamçılarının əlyazmaları dünya kitabxanalarında” mövzusunda məruzəsində dahi şairin əlyazmalarının müasir tədqiqat və nəşrlərindən söz açıb. O, şairin anadilli divanının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusilə qeyd edib və alimin 1973-cü ildə nəşr etdirdiyi üçcildlik “Nəsimi. Əsərlər” adlı kitabda Nəsiminin anadilli divanının elmi-tənqidi mətnini tərtib edərkən istifadə etdiyi əlyazmalardan danışıb. Paşa Kərimov son illər özünün Ankara Milli Kitabxanasından əldə etdiyi əlyazmalardan, Nəsiminin ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrindən söz açıb. O, Nəsiminin və onun ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarına, əlyazma saxlanclarına səpələnmiş əlyazma nüsxələrinin böyük Azərbaycan şairinin İran, Orta Asiya daxil olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər verdiyini söyləyib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin nəsr yaradıcılığı” mövzusunda məruzəsində daha çox şair, sufi, arif və hürufi kimi məşhur olan Seyid İmadəddin Nəsiminin nəsr sahəsində də qələm təcrübələrindən danışıb. Bununla belə Nəsiminin nəsrlə yazılan əsərlərinin (“Müqəddimətül-həqayiq”, “İnsan” və farsca bir risaləsi) bədii səciyyəli deyil, irfani və hürufilik məzmunlu olduğunu deyən məruzəçi şairin mənsur əsərlərindən ən çox diqqət yetirilən, tədqiqata cəlb edilən və müzakirələrə səbəb olan əsərinin “Müqəddimətül-həqayiq” (“Həqiqət­lə­rin başlanğıcı”) olduğunu bildirib: “Bu risalənin Azərbaycanın anadilli fəlsəfi nəsri tarixində ilk əsərlərdən olması Azərbaycan nəsrinin tarixinin daha qədim olması qənaətini yaradır. Eləcə də əsər tərcümə və ədəbi dil tariximiz baxımından da xüsusi əhəmiyyətə malikdir. Şairin irsinin hərtərəfli, sistemli və ardıcıl öyrənilməsi və tədqiq edilməsi bu mənəvi irsin həqiqi varisləri olan azərbaycanlı araşdırıcılar qarşısında mühüm vəzifə kimi durur”.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Ataəmi Mirzəyev “Nəsiminin yaradıcılığında rədif və qafiyə sistemi”, həmin institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Nəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları əsasında)” mövzularında məruzələrlə çıxış ediblər.

azertag.az