4 noyabr tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Əlyazmalar İnstitutunda görülən işlərdən bəhs edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məlumat verib. Elmi katib institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin nəticələrini açıqlayıb. Elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov institutda il ərzində görülən elmi-tədqiqat işlərinin hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib. Sonra söz AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya verilib. Akademik çıxışında Əlyazmalar İnstitutunun fəaliyyəti haqqındakı hesabatı yüksək qiymətləndirib. Bütövlükdə hesabat qənaətbəxş hesab edilib.

www.manuscript.az