AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli 8-10 noyabr tarixlərində Türkiyənin Sivas Cümhuriyyət Universitetində keçirilən “Türk dünyası mədəniyyət elçiləri: Qazi Bürhanəddin” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər. Paşa Kərimovun “Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri”, Nəzakət Məmmədlinin “Qazi Bürhanəddinin təsəvvüfi görüşləri” mövzusundakı məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Alimlərimiz simpozium çərçivəsində Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüblər, o cümlədən Qazi Bürhanəddinin və məşhur mütəsəvvif Şəmsəddin Sivasinin məzarlarını, Sivasın məşhur Ulu Camisi və s. tarixi yerləri ziyarət ediblər.

manuscript.az