Milli Tarix Muzeyinin müraciəti əsasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tapşırığı ilə institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasında "Əlyazma kitablarının bərpası və konservasiyası qaydaları" mövzusunda praktiki məşğələyə start verilib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov göstərdikləri belə bir təşəbbüsə görə muzeyin əməkdaşlarını təbrik edib, sonra müəssisənin fəaliyyəti haqqında onlara məlumat verib. Gənclərimizin tarixi mirasa sahib çıxaraq əlyazmaların bərpasının həyata keçirilməsindəki fədakarlığını təqdir edən professor belə addımların ölkə miqyasında artırılmasının vacibliyini vurğulayıb. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bir qrup universitet tələbəsini laboratoriyada aparılan işlərlə tanış edib və layihə iştirakçılarına uğurlar diləyib. Daha sonra Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov laboratoriyada aparılan tədqiqatlar, bərpa və konservasiya işləri barədə geniş məlumat verib.

Praktiki məşğələ ilin sonuna qədər davam etdiriləcək.

Diqqətinizə çatdırırıq ki, belə məşğələlərin keçirilməsində, əlyazma vərəqlərinin bərpasının öyrənilməsində maraqlı olanlar ümumi və ya fərdi şəkildə institut rəhbərliyinə müraciət edə bilərlər.

manuscript.az