Yanvarın 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elan olunmuş“Nəsimi ili”nin yekunlarına həsr edilən elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Bu sərəncamların müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsindəki müsbət rolunu, dahi şairin dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Birinci vitse-prezident “Nəsimi ili” çərçivəsində Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini bildirib. Vurğulayıb ki, Nəsimiyə həsr olunan çoxlu sayda fundamental əsərlərin, elmi araşdırmaların meydana gəlməsi dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına verilən böyük qiymətin təzahürüdür.

Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatındakı mövqeyindən bəhs açıb. Sonda AMEA-da il ərzində işıq üzü görmüş Nəsimiyə həsr olunan kitabların müəlliflərinə Fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, eləcə də əməkdaşlardan filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Şöhrət Səlimbəyli, Fəxrəddin Əli Fəxri fərmanlarla, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov isə Təşəkkür bəlgəsi ilə təltif olunublar.

manuscript.az