AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda məşhur Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən “Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” adlı kitab nəşr olunub. Topluya xeyriyyəçinin həyatı və gördüyü işlər haqqında ilk dəfə görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadimi Nəriman Nərimanovun yazdığı və 1900-cu ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” əsəri, Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan və 1903-cü ildə çapdan çıxan “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsəri və tarixi sənəd və məktubları əks etdirən, 1904-1906-cı illərdə işıq üzü görən “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabdan seçmələr daxildir. Kitabda fotolar, ərəb-fars sözlərindən ibarət lüğət də yer alıb.

Kitabın mətnini transfoneliterasiya və tərtib edənlər filologiya üzrə fəlsəfə doktorları – Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Mətnləri farscadan tərcümə edən, lüğəti və adlar göstəricisini hazırlayan Əkrəm Bağırovdur. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır. Qeyd edək ki, kitab ilk dəfə 1993-cü ildə çapdan çıxıb. Təqdim olunan təkrar nəşrdə ərəb-fars sözləri lüğəti daha da təkmilləşdirilib, əlavə olaraq adlar göstəricisi verilib.

www.manuscript.az