"Alatoran" nəşriyyatında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin seçilmiş əsərlər toplusunun ikinci kitabı çapdan çıxmışdır. Son illərə qədər şairin cəmi bir neçə şeiri işıq üzü görmüşdü. AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimov 2018-ci ildə ilk dəfə şairin əlyazmaları əsasında onun şeirlər toplusunun 1-ci kitabını tərtib edərək nəşrə hazırlamışlar. Onların M.B.Nadimin avtoqraf əlyazması əsasında nəşr etdirdikləri ikinci kitaba şairin ictimai məzmunlu, satirik şeirləri ilə bərabər lirik-aşiqanə qəzəlləri, avtobioqrafiq məzmunlu əsərləri, mənzum məktubları, dini və didaktik-nəsihətamiz şeirləri daxil edilmişdir. Kitabın redaktoru Hacı Mustafa Mailoğlu, elmi məsləhətçi akademik Teymur Kərimlidir.