AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında cüzi məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib. Kitabı nəşrə hazırlayanlar və ön sözün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və eyni müəssisənin Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Elmi redaktorlar Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovadır. Molla Qasım təqribən 1800-cü ildə dünyaya gəlib, 1845-ci ildə vəfat edib. Mirzə Fətəli Axundzadə və Qasım bəy Zakirin müasiri olmuş Molla Qasımın əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilib. Şeirlərində həyati gerçəklikləri əks etdirən, dünyəvi məhəbbəti tərənnüm edən şairin bu kitabına onun qələmindən çıxmış qoşma, gəraylı, qəzəl, müxəmməs, müstəzad, müsəddəs, müsəmmən, müəşşər və mənzum məktublar daxil edilib.

manuscript.az