AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan toplu XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış ustad şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının əsərlərindən ibarət III kitabdır. Məktubların və məqalələrin daxil olduğu kitabdakı mətnləri ərəb əlifbasından institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova transfoneliterasiya edib. K.Bağırova həmçinin nəşrin tərtibçisi və ön sözün müəllifidir. Kitabın elmi redaktoru həmin şöbənin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova, rəyçisi institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Kitabdakı materiallar A.Buzovnalının Əlyazmalar İnstitutunun xəzinəsində, eləcə də şəxsi arxivlərdə qorunan əsərləri əsasında tərtib olunub. Adıgedən kitab 2007 və 2012-ci illərdə nəşr edilən şairin əsərlərinin davamıdır. Əvvəlki nəşrlərdə olduğu kimi, burada da dəyərli və yeni mənbələr toplanıb. İlk dəfə tədqiqata cəlb edilən məktub və məqalələr şairin öz dövründə məşhur söz ustadları ilə qurduğu ədəbi əlaqələri və yaşadığı dövrün ictimai-siyasi durumunu işıqlandırmaq baxımından əhəmiyyətlidir. A.Buzovnalının məqalələri içərisində xüsusi yer tutan Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı qələmə aldığı “Nizaminin tərcümeyi-halı”, “Şərq şairlərinin əsərlərində təsadüf olunan məhəbbət motivləri” və digər araşdırmaları şairin fəlsəfi dünyagörüşünü, nəzəri-filoloji fikirlərini çözmək, eyni zamanda Nizamişünaslıq sahəsinə yeni mənbələr bəxş etmək baxımından olduqca dəyərlidir.

Qeyd edək ki, bu kitab şairin anadan olmasının 150 illiyinə həs olunub.

www.manuscript.az