Dövlət Tərcümə Mərkəzinin Elmi Şurasının onlayn müşavirəsi keçirilib. Müşavirədə Mərkəzin İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Xalq yazıçısı Elçin, Xalq şairi Sabir Rüstəmxanlı, Mərkəzin İdarə heyətinin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, şair-tərcüməçi Vaqif Aslan iştirak ediblər. Toplantıda qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabat dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, 2021-ci ildə nəzərdə tutulan layihələr və nəşrlər üzrə Tematik plan təsdiq edilib.

İnanıram ki, bu lüğət yalnız mütəxəssislərin deyil, hamının masaüstü kitabı olacaq.

Elçin – İlk növbədə deməliyəm ki, Tərcümə Mərkəzi yarandığı gündən dövlət və millət əhəmiyyətli xeyli mühüm işlər görüb, Azərbaycan həqiqətlərinin, ədəbiyyatımızın, mədəniy­yətimizin dünyada tanıdılması və təbliği istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirib. Ölkədə tərcümə sahəsinin tənzimlənməsi və təkmilləşdirilməsi, o cümlədən ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində xüsusi uğurlu layihələrə imza atıb. Dünyanın məşhur şair və yazıçılarının kitabları yüksək peşəkarlıqla tərcümə edilərək nəfis tərtibatda oxucularla görüşdürülüb. .

Dünyanı bürüyən və demək olar ki, əksər sahələrdə durğunluq yaradan məlum pandemiya şəraitində də Tərcümə Mərkəzi çalışmalarına ara vermədən, fəaliyyətini həmin yüksək templə davam etdirib. Xaricdə və Azərbaycanda kitablar nəşr olunub, müxtəlif mövzulu yazılar və videoçarxlar yerli və xarici portallar, qəzet və jurnallar vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim olunub. Tərcümə işinin peşəkarlıq səviyyəsinin artırılması, tərcümə mütəxəssislərinin ayarlanması və sertifikatlaşdırılması prosesinin davamlı şəkildə aparılmasını da təqdirəlayiq hesab edirəm. Mərkəzin “Xəzər” jurnalı, rəsmi saytı, eləcə də maarifçi əhəmiyyətli “Aydın yol”, “Açıq kitab”, “Epiloq” saytları yüksək bədii-mədəni meyarlarla oxucu zövqünün formalaşmasında əsl yaradıcı yanaşma nümayiş etdirir. İstərdim ki, bu saytların daha geniş oxucu auditoriyası olsun, bununla bağlı müəyyən zəruri tədbirlər həyata keçirilsin..

Mərkəz tərəfindən ərsəyə gətirilmiş və bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşrini isə xüsusi qeyd etmək istərdim. Mərkəzin kollektivi və tanınmış mütəxəssislər Afaq Məsudun rəhbərliyi altında hər bir azərbaycanlıya, eləcə də dilçilik elmimizə çox önəmli töhfə olan mükəmməl bir kitab ərsəyə gətiriblər. İnanıram ki, bu lüğət yalnız mütəxəssislərin deyil, hamının masaüstü kitabı olacaq..

Hər dəfə Tərcümə Mərkəzindən gələn kitabları, xüsusilə “Xəzər” jurnalını vərəqləyəndə görülən işin əhəmiyyətini yenidən hiss edirəm.

Sabir Rüstəmxanlı – Azərbaycanda lüğətçiliyin tarixi o qədər də qədim deyil, baxmayaraq ki, sözlərin düzgün yazılışı bütün yazıçıları düşündürüb. Hətta Mirzə Fətəli Axundzadə o vaxtkı ziyalılara yazdığı məktublarında deyirdi ki, Azərbaycan türkçəsinin düzgün yazılışını bilmək istəyirsinizsə, mənim əsərlərimə baxa bilərsiniz. Yəni bu, onu göstərir ki, Azərbaycan dilinin lüğəti də, yazılış qaydası da tarix boyu yazıçıların əməyi nəticəsində mümkün olub. Onlar bu sahədə hər zaman böyük zəhmət çəkiblər. Bizim lüğətlərimizin də kökündə ədəbi dil dayanır ki, ədəbi dilin yaradıcısı da yazıçıdır..

Bu gün sosial şəbəkələrdə insanlar sözləri necə gəldi yazırlar, orfoqrafiya qaydalarını pozurlar. Bu səbəbdən orfoqrafiya lüğətinin əhəmiyyəti böyükdür. Mən Dövlət Tərcümə Mərkəzinin 2017-ci ildə buraxdığı “İşlək Orfoqrafiya Sözlüyü”nün müzakirələrində də iştirak etmişəm. Dilçilik İnstitutunun buraxdığı lüğətdə yer almış bir xeyli sözlər ixtisar olunduğu zaman müəyyən mübahisələr düşsə də, ümumilikdə Tərcümə Mərkəzinin yanaşması düzgün idi. Mərkəz tərəfindən bu il nəşr olunan yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” də praktiki baxımdan çox əhəmiyyətlidir və bu sahədə atılmış çox ciddi bir addım kimi qiymətləndirilməlidir. Bu gün istifadə olunmayan, yalnız keçmişi öyrənmək üçün mütəxəssislərə lazım olan sözləri küll halında orfoqrafiya lüğətinə daxil etməyə ehtiyac yoxdur. Mərkəzin ərsəyə gətirdiyi bu dəyərli vəsaitə görə mən Afaq xanıma və onun rəhbərlik etdiyi Mərkəzə öz təşəkkürümü bildirirəm. Hər dəfə Tərcümə Mərkəzindən gələn kitabları, xüsusilə “Xəzər” jurnalını vərəqləyəndə görülən işin əhəmiyyətini yenidən hiss edirəm. Jurnal dünya ədəbiyyatından, hətta dini ədəbiyyatdan seçmə nümunələri oxucularımıza təqdim edir, dünyanın ciddi qələm sahiblərinin, Nobel mükafatı laureatlarının, dünya şöhrətli yazıçıların əsərlərini, Azərbaycan oxucularının mütaliəsi üçün zəruri olan əsərləri yüksək peşəkarlıqla tərcümə edib bizlərə çatdırır. Bir sözlə, Mərkəzin belə bir zaman kəsiyində – ağır pandemiya şəraitində dildən istifadə, tərcümə sahəsi, beynəlxalq aləmlə ədəbi mübadilələr və s. istiqamətlərdə gördüyü maarifçi əhəmiyyətli işləri yüksək dəyərləndirir, olduqca zəruri və təqdirəlayiq hesab edirəm..

Bu nəşr Mərkəzin orfoqrafiya lüğətçiliyi sahəsində son illər həyata keçirdiyi fundamental layihələrin müasir tələblərə cavab verən ən dəyərli məhsuludur.

Nizami Cəfərov – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2020-ci ildə göstərdiyi çox geniş fəaliyyətin ən mühüm hadisəsi, heç şübhəsiz, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabının nəşridir. 2017-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün bilavasitə varisi olan bu nəşr Mərkəzin orfoqrafiya lüğətçiliyi sahəsində son illər həyata keçirdiyi fundamental layihələrin müasir tələblərə cavab verən ən dəyərli məhsuludur. Azərbaycan dilinin yeni orfoqrafiya normaları əsasında tərtib edilmiş bu lüğət müvafiq sahədə yeni mərhələ olmaqla ölkə ictimaiyyəti, xüsusilə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, Mərkəzin topladığı zəngin material, keçmiş orfoqrafiya lüğətlərilə aparılmış dərin, prinsipial elmi müqayisələr, cari dil prosesləri üzərindəki müşahidələrin davam etdirilməsi bu kitabın ardıcıl olaraq təkmilləşməsinə hərtərəfli zəmanət verir. .

Mərkəzin təkmilləşdirilmiş formatda nəşr etdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” misli görünməmiş bir hadisədir və milli maarifçiliyə ciddi bir töhfədir .

Cahangir Məmmədli – İlk növbədə Dövlət Tərcümə Mərkəzinin pandemiya dövründə fəaliyyəti ilə bağlı deməliyəm ki, Mərkəz çox məhsuldar işləmiş, onlayn internet formatında mühüm tədbirlər həyata keçirmişdir. Bu sıradan Azərbaycan həqiqətlərinin müxtəlif xarici dillərdə videoçarx vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması işini yüksək dəyərləndirirəm. Mərkəzin nəzdində Tərcümə Agentliyinin yaradılması, dil və tərcümə mütəxəssislərinin sertifikatlaşdırılması, dil kursları, yeni təkmil “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin ərsəyə gətirilməsi kimi fundamental işlər də öz əlamətdar töhfələrini vermişdir. Peşəkar tərcüməçilərin seçimi təkcə Mərkəz üçün deyil, belə kadrların tələb olunduğu müəssisələr üçün də çox zəruridir. Ölkədə orijinal media faktı olan “Xəzər” jurnalının fəaliyyəti də təqdirəlayiqdir. Mərkəzin maarifçilik missiyası qurumun “Açıq kitab” elektron kitabxanası formatında daha aydın görünür..

Mərkəzin nəşr və fəaliyyəti ayrıca qeyd edilməlidir. Bu mənada, klassik və müasir Azərbaycan ədəbiyyatının dünya çapına çıxarılması, eləcə də ölkənin mənəvi-maarifçi durum üçün müstəsna əhəmiyyət daşıyan dünya ədəbiyyatı nəşrləri xüsusi qeyd edilməlidir..

Fikrimcə, Mərkəzin təkmilləşdirilmiş formatda nəşr etdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” misli görünməmiş bir hadisədir və milli maarifçiliyə ciddi bir töhfədir. Mənə elə gəlir ki, lüğətin Azərbaycan Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə orta məktəblərə və ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkə kitabxanalarına paylanması çox zəruridir..

Dövlət Tərcümə Mərkəzi göstərdiyi bu fəaliyyəti ilə neçə illərdən bəridir ki, geniş ictimaiyyətin sevgisini qazanır. Mən Mərkəzin bütün kollektivinə parlaq vətəndaşlıq fəaliyyətinə görə təşəkkür edirəm..

Yeni orfoqrafiya lüğətimizi indiyədək nəşr olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətlərinin ən kamili hesab etmək olar.

Qulu Məhərrəmli Ölkədə pandemiya və karantin şəraitinin mövcudluğu bütün qurumların, yaradıcı təşkilatların, o cümlədən Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini çətinləşdirib. Buna baxmayaraq verilən hesabatdan göründüyü kimi Mərkəz göstərilən dövr ərzində bir sıra qiymətli işlər görə bilib. Həmin işlər sırasında Azərbaycan dilinin müxtəlif sahələrdə işlənməsi, dil normalarına riayət və tərcümədən istifadə məsələləri öndə olub. Mən Mərkəzin bu sahədəki fəaliyyətini, həmçinin Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi təşkilati tədbirləri yüksək qiymətləndirirəm..

İstənilən qurumun fəaliyyəti daha çox ortaya qoyduğu işlərin kəmiyyət və keyfiyyətində özünü göstərir. Bu mənada Mərkəzin çap etdiyi kitablar, o cümlədən tərcümə ədəbiyyatları ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanır. Bu nəşrlər sırasında heç şübhəsiz ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Mərkəz uzun illər ərzində orfoqrafiya lüğəti üzərində gərgin iş apararaq onu cilalamış və mükəmməl şəkildə ictimaiyyətə təqdim etmişdir. Bu orfoqrafiya lüğətini, indiyədək nəşr olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətlərinin ən kamili hesab etmək olar..

Yuxarıda deyilənləri nəzərə alaraq, ana dilimizin qorunması, ölkəmizin və onun ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsində çoxşaxəli iş aparan Dövlət Tərcümə Mərkəzinin 2020-ci il üzrə fəaliyyətini uğurlu və məhsuldar hesab edirəm. .

Təəssüflə deməliyəm ki, hələ bu günə qədər hətta ziyalı təbəqənin də bir qismi dilimizdə çox işlənən bəzi sözlərin, terminlərin doğru-düzgün yazılış qaydasını bilmir.

Cəlil Nağıyev – Bütün dünyanı bürüyən, bəşəriyyəti lərzəyə salan COVİD-19 pandemiyası dövründə Azərbaycan Dövlət Tərcümə Mərkəzi öz fəaliyyətini uğurla davam etdirmiş, dil və tərcümə sahəsində, beynəlxalq məkanda aparılan ədəbi mübadilələr istiqamətində bir sıra mühüm işlər görmüş və görməkdədir. Bu sıradan ilk növbədə Mərkəzin ərsəyə gətirdiyi yeni orfoqrafiya lüğətini qeyd etmək istərdim. Nəhayət ki, Azərbaycan ictimaiyyətinin çoxdan gözlədiyi və xalqımızın ehtiyac duyduğu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabı işıq üzü gördü. Bu qiymətli kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi hazırladı və nəşr etdi. Bu lüğəti Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud tərtib edib. Uzun illərin ağır zəhmətinin bəhrəsi olan bu tədqiqat əsəri dövlət dilimizin inkişafı və doğru-dürüst şəkildə istifadə edilməsi yolunda atılmış uğurlu addım olmaqla yanaşı, həm də son dövrlərdə bu sahədə ərsəyə gətirilmiş misilsiz abidədir. Əlli illik müəllimlik, elmi-tədqiqatçılıq və tərcüməçilik təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bu lüğət eyni dərəcədə həm tələbələr, həm müəllimlər, həm də, ümumiyyətlə, hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edən bir vəsaitdir. Təəssüflə deməliyəm ki, hələ bu günə qədər hətta ziyalı təbəqənin də bir qismi dilimizdə çox işlənən bəzi sözlərin, terminlərin doğru-düzgün yazılış qaydasını bilmir. Barəsində bəhs olunan bu lüğət dilimizin saflaşmasına, cilalanmasına və inkişafına xidmət edir..

Təsadüfi deyil ki, lüğət “abad” sözü ilə başlayır, yəni obrazlı desək, bu lüğətdə ana dilimizin varlığı sahmana salınır, yenidən abad edilir.

Rüstəm Kamal – Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi fundamental işlər sayəsində ölkəmizdə tərcümə ənənəsi, tərcümə mədəniyyəti yaranıb. Bədii tərcümə həm də dil məsələsidir, dilin inkişafını şərtləndirən mühüm amillərdən biridir. Bu mənada, Xalq yazıçısı Afaq Məsud kimi yüksək peşəkarın bu quruma rəhbərlik etməsi tərcümənin sənət səviyyəsinə qalxmasına imkan verir. Görkəmli yazıçımızın “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tərtib etməsi hümanitar sahədə ölkənin diqqətçəkən hadisələrindən biridir. Onu da qeyd edim ki, orfoqrafiya lüğətini tərtib etmək filologiya elminin ən çətin, mühüm və şərəfli sahələrindən biridir. Orfoqrafiya lüğəti hər bir millətin ümumi və mədəni inkişafının, dilin ekoloji durumunun, xalqın öz ana dilinə, ədəbi dilə münasibətinin göstəricisidir. 2004 və 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən buraxılan orfoqrafiya lüğətləri ziyalıların səbir kasasını daşdırdı. “Ölü” ərəb-fars sözləri, qurama ləhcə ifadələri, qaba kəlmələrlə söz ehtiyatımızın süni artımına nail olmaq istəyənlər ictimaiyyətin haqlı tənqidinə məruz qaldı. Təbii ki, Tərcümə Mərkəzi bu ümumxalq etiraz kampaniyasından kənarda qala bilməzdi. Orfoqrafiya lüğətinə elmi-nəzəri cəhətdən mükəmməl ön söz yazmış Afaq Məsudun öz təbiri ilə desək, “özündə milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, ehtiva edən dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı”– Orfoqrafiya lüğətində dilimizin danılmaz gözəlliyi və zənginliyi ortaya qoyulmalıydı. Bu dilin yaradıcılarından biri və təəssübkeşi kimi Afaq xanım bu məsuliyyətli işi üzərinə götürdü. Mərkəzin tərtib etdiyi bu lüğətdə dilimizin qrammatik, leksik qanunları və ədəbi dil normaları, dövriyyədə olan sözlərin məna yükü və dinamik işlənmə tezliyi nəzərə alınaraq yüksək vətəndaşlıq hissi və təmkinlə saflaşma işi aparılıb. Təsadüfi deyil ki, lüğət “abad” sözü ilə başlayır, yəni obrazlı desək, bu lüğətdə ana dilimizin varlığı sahmana salınır, yenidən abad edilir..

Mərkəzin lüğəti işə yanaşma və tərtib səviyyəsinə görə “Divanü lüğət-it türk”lə müqayisə edilə bilər.

Vaqif Aslan – Azərbaycan Dövlət Tərcümə Mərkəzi sözün əsl mənasında böyük işlər görür. Milli ədəbiyyatımız dünya kitabxanalarına, universitetlərə yerləşdirilir, dünya oxucusu tərəfindən oxunmağa, tədqiq olunmağa başlayır, dünya ədəbiyyatı Azərbaycan dilində danışır. Mərkəzin ərsəyə gətirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” isə xüsusi qeyd edilməlidir. İlk növbədə, bildirim ki, bu nəşr fundamental və titanik zəhmətin bəhrəsidir. Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti bildiyimiz kimi 1929-cu ildə nəşr edildi, bu nəşrin davamı kimi 1940, 1960, 1975-ci illərdə çap edilmiş orfoqrafiya lüğətlərimiz bu vaxta qədər bütün kəm-kəsirləri və çatışmazlıqları ilə orfoqrafiya lüğətçiliyi işinin barometri rolunda çıxış edirdi. Lakin bildiyimiz kimi, orfoqrafiya lüğəti sözlərin düzgün yazılışını bildirməklə barabər, həm də dilin lüğət fondunun həcmini, söz ehtiyatının artma və azalma statistikasını müəyyən edən əlahiddə nəşr kimi müstəsna əhəmiyyətə malikdir. Orfoqrafiya lüğəti, eyni zamanda dillərarası əlaqələrin öyrənilməsi baxımından da əvəzsiz mənbədir. Qeyd etdiyim keçmiş nəsrlərdə xeyli sayda ədəbi dilimizdə işlənməyən ərəb, fars sözləri, arxaizmlər və sair yer alırdı ki, yeni lüğətin tərtibi zamanı bütün bunlar çox incə və həssas yanaşma ilə dilimizin söz ehtiyatından kənarlaşdırıldı və ortaya yeni, mükəmməl bir orfoqrafiya vəsaiti qoyuldu. Fikrimcə Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi bu yeni lüğətimiz işə yanaşma və tərtib səviyyəsinə görə “Divanü lüğət-it türk”lə müqayisə edilə bilər. Bu kitabı, bu günümüzə və gələcəyimizə hesablanan misilsiz töhfə kimi dəyərləndirirəm..

Çox nəfis, oxunuşu və istifadəsi asan bir kitab ortaya qoyulmuşdur.

Paşa Kərimov – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin pandemiya şəraitində gördüyü işləri qənaətbəxş hesab edirəm. Pandemiyanın həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə, çətin şəraitdə tərcümə işinin təşkili sahəsində bir sıra işlər görülmüş, monitorinqlər aparılmış, ölkədə fəaliyyət göstərən tərcüməçilərin ayarlanması məqsədilə seçim turları təşkil edilmiş, rus, ingilis və ispan dilləri üzrə kurslar keçirilmiş, Mərkəzin Tərcümə Agentliyi yaradılmış, kitablar nəşr edilmişdir. Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün görülən işlər, sosial şəbəkələrdə yayılan çarxlar da təqdirəlayiqdir. Ən böyük nailiyyətlər içində bu müddət ərzində ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni xüsusilə qeyd etmək istərdim. Bu lüğət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı Azərbaycan dilindən istifadənin genişləndirilməsinə dair sərəncamına layiqli töhfədir. Çox nəfis, oxunuşu və istifadəsi asan bir kitab ortaya qoyulmuşdur. Giriş hissədə sözlərin asanlıqla tapılması üçün qeydlər var. Yeni lüğətin yaradılmasında əsas məqsəd vəsaitin süni sözlərdən təmizlənməsi, geniş əhali kütləsi və müxtəlif qurumlarda, KİV-də çalışanların işinə yarayan bir orfoqrafiya lüğəti ortaya qoymaqdan ibarət olub. Orta əsrlərdən bəri bütün lüğətlərdə ən cəlbedici cəhət – istifadənin asanlığı olub. Hesab edirəm ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu lüğəti tərtib edərkən məqsədinə nail olub, qurama sözlərdən təmizlənmiş azad, dildə işlək sözlərdən ibarət, istifadəsi asan bir orfoqrafiya lüğəti ortaya qoyub. Fikrimcə, Azərbaycan Respublikasının coğrafi adlarının, dünya üzrə coğrafi adların, Azərbaycan milli musiqi adlarının, Azərbaycan xalçaları adlarının ayrıca olaraq lüğətə daxil edilməsi kitabdan istifadə etmək istəyənlərin sayını daha da artıracaq..

aztc.gov.az