Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 yaşı tamam olur. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təqdimi və təbliğində müstəsna rol oynamış bu söz və sənət məbədi həm də respublikanın başlıca elmi mərkəzlərindən sayılır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin muzeyin 80 illiyinin təntənə ilə qeyd edilməsi haqqında Sərəncamından sonra il ərzində muzeydə bir sıra nəfis kitablar, plakatlar buraxılıb, rəngarəng sərgilər hazırlanıb, muzeyin arxada qalan yolu haqqında Azərbaycan televiziyasının bədii və sənədli filmlər studiyasının xətti ilə “Yaddaş körpüsü” və “Nizaminin salamı” adlı tammetrajlı 2 sənədli-publisistik film çəkilib, silsilə tədbirlər keçirilib.

Dekabrın 23-də ilk plenar iclası gerçəkləşən beynəlxalq konfrans da Nizami muzeyinin yuvarlaq ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər sırasındadır. “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq konfrans 3 gün davam edəcək. Konfransda muzeyin əməkdaşları ilə yanaşı, Azərbaycanın əksər aparıcı elm və təhsil müəssisələrini təmsil edən araşdırıcılar, eləcə Avropa ölkələrindən, qonşu İran, Türkiyə və Gürcüstandan, Orta Asiya respublikalarından da alimlər iştirak edəcəklər. “Klassik ədəbiyyat və folklor”, “Mənbəşünaslıq”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ədəbiyyatşünaslığın nəzəri problemləri”, “Muzeyşünaslıq”, “İncəsənət tarixi və kulturologiya”, “Tarix”, “Dinşünaslıq”, “Fəlsəfə”, “Dilçilik” kimi bölmələrdə dinləniləcək məruzələrdə son min ildən artıq müddətdə Azərbaycan yaradıcı dühasının müsəlman Şərqindəki elmi-mədəni-ədəbi inkişaf və inteqrasiyaya verdiyi töhfələr, ölkələr və xalqlar arasındakı əlaqələrin qarşılıqlı faydalanma və zənginləşməyə təsirləri izlənilir.

Açılış mərasimi və birinci plenar iclası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində mövcud şəraiti nəzərə alaraq yığcam tərkibdə keçirilən mötəbər beynəlxalq elmi yığıncaq dekabrın 24-ü və 25-də işini əcnəbi alimlərin iştirakı ilə bölmələr üzrə videokonfrans formatında davam etdirəcək.

Beynəlxalq konfransı “Millətləri və mədəniyyətləri qovuşduran meyarlar” adlı giriş məruzəsi ilə açan Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov Nizami Gəncəvi və digər klassiklərimizin ölməz əsərlərinin qovuşduruculuq missiyası probleminə toxunub. Akademik bildirib ki, böyük soydaşlarımızın əsrlərcə yaradıcısı olduqları modellər, təməlini qoyduqları məktəblər dünyanı sabit və möhkəm mənəviyyat dayaqları üzərində daxildən böyüdərək bir həqiqəti hər kəsə anladıb – hisslərin dili ilə bir-biri ilə danışmağı bacaranda bəşər övladı bir-birinə öz doğma dilində danışan, amma fərqli duyğu və düşüncəni daşıyanlardan daha yaxın, daha doğma ola bilir.

Akademik Rafael Hüseynov xalqımızın Yaxın və Orta Şərqdəki intibah, ümumbəşəri idealların bərqərar olmasında həlledici rolu ilə bağlı deyib: “Azərbaycan xoşbəxtdir ki, lap çoxdan ümumdünya səciyyəsi daşıyan bu qlobal gedişatda, elmi, mədəni, ədəbi transfer proseslərində məhz dahi şəxsiyyətlərinin və ölməz əsərlərinin sayəsində özünü həm ən yüksək ləyaqət və şərəflə ifadə və təsdiq edə bilib, həm də çox ölkələri, çox xalqları əhatə edən bu bəşəri cərəyana daim öz əhəmiyyətli, inkişafı sürətləndirən töhfələrini verməyi bacarıb”.

Daha sonra Nizami muzeyinin şöbə müdirləri, professorlar Şəfəq Əlibəylinin “Nizami nəzmində qiymətli daş adlarının linqvopoetik səciyyəsi”, Kamil Allahyarovun “Türk” etnoniminin mənası və tarixi”, Məhəmməd Füzuli adına Əlyazmalar institutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Mustafa Ağa Şuxinin ədəbi irsi barədə”, filologiya üzrə fəlsəfə doktoru İlhamə Quliyeva-Gültəkinin “Qara at” nağılının Vladimir Proppun nəzəriyyəsi əsasında təhlili” və digər məruzələr təqdim olunub.

Beynəlxalq konfransın 300-ə yaxın mövzu üzrə məruzələri əhatə edən materialları “Elm və təhsil” nəşriyyatında ayrıca kitab halında nəşr edilib.

azertag.az