
Bu günlərdə “Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın müəllifi olduğu nəşrin elmi redaktoru institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
“Ecoprint” nəşriyyatının mətbəəsində çap olunan kitabın rəyçiləri institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Gənc alim tərəfindən Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Qulam Məmmədli, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin şəxsi arxivlərindəki məktublar ilk dəfə olaraq tədqiqata cəlb olunur. Azərbaycan ədiblərinin ədəbi epistolyar irsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan konkret nümunələrə istinad edilməklə araşdırılır. Sözügedən monoqrafiyada ədəbi epistolyar irsin ədəbiyyat və ictimai fikir tariximizdə yeri və rolundan bəhs edilir.
manuscript.az