Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə kitabxanasının Fatih qismindən XV əsrdə yaşamış Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının”əlyazma surətini əldə edib. Qeyd edək ki, doğma Azərbaycan türkcəsində gözəl şeirlər qələmə alan Cahanşah o dövrün ən savadlı və maarifpərvər hökmdarlarından sayılaraq ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınıb. Yüksək təhsil görmüş və Şərq ədəbiyyatına dərindən bələd olan Həqiqi Azərbaycan türkcəsi və fars dilindəqəzəl, məsnəvi və rübailərin müəllifidir. Özünü Nəsimi məktəbinin davamçısı hesab edən Qaraqoyunlu hökmdarı həm də hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi olub. Dahi fars şairi Əbdürrəhman Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirərək öz şeirlərinin birində onu "Xəzinə" adlandırıb.

Alimimiz tərəfindən əldə olunan 107 vərəqdən ibarət sözügedən nüsxədə farsca 31 məsnəvi, 1 müstəzad, 112 qəzəl, Azərbaycan türkcəsində 94 qəzəl və 29 tuyuq yer alır. Həqiqi divanının məlum olan digər 3 nüsxəsi Londonun Britaniya Muzeyi kitabxanasında, İrəvanın Mətndaran Əlyazmalar İnstitutunda, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsi kitabxanasında saxlanılmaqdadır.

İstanbulun Süleymaniyyə kitabxanasından yeni əldə edilən əlyazma surəti Cahanşah Həqiqinin ən çoxsaylı şeirlərini əhatə edən nüsxədir. Müəllifin dünyagörüşü barədə dəyərli məlumatların əks olunduğu bu məsnəvilərə digər nüsxələrin heç birində rast gəlinmir.

manuscript.az