Paşa Kərimov: “Nizami dünya şairi olsa da, Vətəni Azərbaycandır”

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. “Nizami ili”ndə dahi şairin irsinə bir daha nəzər salınacaq, onun müdriklik səltənəti ölkəmizdə və xaricdə təbliğ olunacaq.

Nizami “Xəmsə”si heç vaxt işığı azalmayan, insanlıq var olduqca gərək duyulan qiymətli mirasdır. Dünyanın bir çox tanınmış alimləri mütəfəkkir şairin əsərlərindəki ziyanı duyaraq onları tədqiq və təbliğ edib. Bu proses davam edir. Böyük mütəfəkkirin əsərlərinin dünyanın müxtəlif məşhur kitabxana və muzeylərində saxlanılan əlyazmalarının araşdırılmasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da mühüm rol oynayır. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovla söhbətimizdə bu elm ocağında qorunan Nizami əsərlərinin əlyazmaları barədə danışdıq.

Müsahibim bildirdi ki, Əlyazmalar İnstitutunda Nizami əlyazmalarının 27 nüsxəsi saxlanılır. Bunların içərisində 8-i öz qədimliyinə, keyfiyyətinə, daha çox əsərləri əhatə etməsinə görə ən dəyərlisi hesab edilir. 27 nüsxənin təxminən 11-i “Xəmsə” ilə bağlıdır.

– Bu əlyazmalar əsasən hansı dövrü əhatə edir?

– İlk olaraq qeyd edim ki, Nizami “Xəmsə”sinin ən qədim əlyazması 1318-ci ilə aiddir və Tehran Universitetinin kitabxanasında saxlanılır. Əlyazmalar İnstitutunda saxlanılan nüsxələrdən ən qədimi və dəyərlisi isə 1421-ci ilə aid olan, Davudi adında bir şəxs tərəfindən köçürülmüş əlyazmadır. Bu nüsxənin dəyəri ondan ibarətdir ki, onun üzünü köçürən Davudi özü də şair olub və burada 47 beytlik şeiri var. Nüsxənin kənarında gözəl xətlə Hindistanda yaşamış türk əsilli Əmir Xosrov Dəhləvinin də “Xəmsə”si köçürülüb. Əlyazmanın kənarında qızıl suyu ilə haşiyələr çəkilib. Bu nüsxədə fəsillərin adlarında fərqlər var. Digər nüsxələrdən fərqli olaraq fəsillərin adları burada daha genişdir. Bundan başqa, bəzi fars sözləri də vardır ki, sonrakı nüsxələrdə rast gəlinmir. Tədqiqatçıların bəziləri belə nəticəyə gəlir ki, bu, daha qədim nüsxələrdən biridir və gələcəkdə Nizaminin əsərlərinin yeni elmi-tənqidi mətni tərtib edilərsə, bu nüsxəni də nəzərə almaq lazımdır.

– Bildiyimizə görə, institut tərəfindən “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı kitab-albom hazırlanır. Yəqin ki, “Nizami ili” çərçivəsində tədbirlər planınız da var...

– Azərbaycan və ingilis dillərində hazırlanan bu kitab-albomda Nizaminin bəşəri əhəmiyyəti haqqında giriş məqaləsi, şairin dünya kitabxanalarında qorunan mühüm əlyazmaları barədə məlumat, Əlyazmalar İnstitutunda qorunan 27 əlyazmanın müfəssəl təsviri, əlyazmalardan əhəmiyyətli səhifələrin və miniatürlərin fotoları yer alacaq.

Təbii ki, biz də əlamətdar illə bağlı tədbirlər planı hazırlamışıq. Sadaladığım əlyazmaları elektron formatda bir portalda verməyi nəzərdə tutmuşuq. Beləliklə, nəinki Azərbaycan tədqiqatçıları, eləcə də dünya tədqiqatçıları bu əlyazmalardan istifadə etmək imkanına malik olacaq. Bir planımız da nizamişünaslıq sahəsindəki tədqiqatlarla bağlıdır. Akademik Teymur Kərimlinin “Nizami və tarix” monoqrafiyası, həmçinin Əzizağa Nəcəfzadənin “Nizamidə türklük və türklüyə münasibət” və Məmməd Ələkbərovun “Nizami yaradıcılığında xalq yaradıcılığı” tədqiqatları il ərzində çap ediləcək. Bundan əlavə, kütləvi informasiya vasitələrində Nizami yaradıcılığının cəmiyyətə çatdırılması istiqamətində işlər görüləcək.

– Azərbaycan ədibləri ilə bağlı yeni əlyazmalar aşkar edilə bilərmi?

– Dünyada yayılan əlyazmalarımızdan ən çoxu Nizami irsi ilə bağlıdır. Eləcə də Saib Təbrizi, Nəsrəddin Tusi, Məhəmməd Füzuli və digər şairlərə aid əlyazmalar Şərqi Avropa və ABŞ-da, həmçinin digər ölkələrdə geniş yayılıb. Bizim yeni əlyazmalar tapmaq ehtimalımız azdır. Tədqiqatlarda istifadə etmək üçün digər ölkələrdə olan əlyazmaların surətini gətirməyə çalışırıq. Bu yaxınlarda Çexiyada saxlanılan əlyazmaların kataloqu çap olundu. Bundan əvvəl Vatikanda, Misirdə və digər ölkələrdə saxlanılan əlyazmalarımızın 3 cildlik kataloqu işıq üzü gördü. Lakin əlyazmalar olan bütün muzeylər, kitabxanalar hələ kataloqlarını tərtib etməyiblər. Eləcə də pandemiya ilə əlaqədar ezamiyyətlərdə məhdudiyyətlər olduğu üçün işlər yubanır.

– Paşa müəllim, Nizami irsinin dünyaya daha geniş şəkildə təqdim olunması və onu Azərbaycan şairi kimi tanıtdırmaq üçün hansı işlər görülməlidir?

– Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan insanlar elektron resurslarda bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Elə bu məqsədlə də Nizaminin əlyazmalarını elektron formada beynəlxalq auditoriyaya təqdim edəcəyik. Nizaminin öz əsərlərində və mənbələrdə onun milliyyətini sübut edən faktları daha geniş ictimaiyyətin nəzərinə çatdırmaq lazımdır. Nizami əsərlərində Qafqazı, Azərbaycanı, Dərbəndi, Bərdəni, Kəpəz dağını ürək açıqlığı ilə vəsf edir. Başqa milliyyətə mənsub olan biri bunu heç vaxt etməz.

Nizami “Xosrov və Şirin” poemasının sonunda həyat yoldaşı Afaqın ölümündən doğan təəssüf hissini qeyd edir, daha sonra deyir ki, nə yaxşı mənim türkzadəm, Məhəmmədim var. Türkzadə türk oğlu deməkdir. Orta əsrlərdə türkzadə, türk oğlu dedikdə atanın milliyyəti nəzərdə tutulurdu. Bu, gerçək faktdır. Bir faktı da xüsusi olaraq qeyd edim ki, Nizami əsərlərinə görə bütün Orta Şərqin şairidir. Orta Şərq şairi olmaq üçün həmin dövrdə farsca yazmalı idin. Çünki həmin dövrün poeziya dili fars dili idi.

Həmçinin Nizaminin qadın qəhrəmanları olan Nüşabə, Məhinbanu, Şirin də igid türk qadınları idi. Bəziləri Nizaminin türkcə yazılmış əsərləri tapılmasa, onun türklüyü sübut olunmur deyə düşünür. Bu, yanlışdır. Uzun müddət Avropada bir çox xalqlar latın əlifbasından istifadə edib. Bu o demək deyil ki, o xalqlar latındır. Yazdığı dil insanın milliyyətini müəyyən edə bilməz. Hətta farslar deyir ki, “Nizamidən türk iyi gəlir”. Nizami dünya şairi, bütün Şərqin şairi olsa da, vətəni Azərbaycandır, milliyyəti də türkdür.

– Bir qədər də institutun başqa layihələri barədə danışardınız...

– Həm bizim institutda, həm də başqa elmi müəssisələrdə tariximizə, ədəbiyyatımıza, dilimizə aid əlyazmaları araşdırırıq. Onu da qeyd edim ki, bu il Qarabağ mövzusuna xüsusi diqqət yetiriləcək. Artıq institutun əməkdaşı, filologiya üzrə elmlər doktoru Raqub Kərimovla birlikdə 3 cildlik “Qarabağ şairləri antologiyası”nı nəşr etdirməyi nəzərdə tutmuşuq. İl ərzində antologiyanın birinci cildini oxuculara təqdim edəcəyik. Bundan başqa, Qarabağın məşhur şairlərindən Qasım bəy Zakirin şeirlər toplusunu yenidən araşdırmaq fikrindəyik. Çünki bizim tədqiqatçılar Zakirin 23 yeni şeirini aşkar ediblər. Həmçinin bu il Məhəmməd ağa Müctəhidzadə adlı şairimizin ailəsindən əldə etdiyimiz əlyazmalar da çap olunacaq.

Nurəddin MƏMMƏDLİ

medeniyyet.az