1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağlasığmaz qəddarlığı ilə bəşər tarixində iz qoyan vəhşilik aktı törədildi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı tarixi bir cinayət, soyqırımı həyata keçirdi. Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” mövzusunda elmi sessiyada səsləndirilib. Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, o gecə uzun illərdən bəri hökm sürən mənfur erməni faşizminin nəticəsi olaraq əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla 600-dən çox insan misli görünməmiş amansızlıqla qətlə yetirildi. Tarixdə müxtəlif müharibələrin baş verdiyini, lakin Xocalı faciəsinin erməni separatçıları tərəfindən insanlığa qarşı törədilmiş qanlı cinayət olduğunu vurğulayıb: “2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu əzəli torpaqlarımızı düşmən işğalından azad etdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Vətən müharibəsində qazandığımız zəfərlə Xocalı qurbanlarının da intiqamı alınmış oldu. Faciənin 29-cu ildönümünün fərqi də bu tarixi faktla səciyyələnir. Bundan sonra da xalqımız ərazi bütövlüyünün qorunması, ölkəmizin hərtərəfli inkişafı istiqamətində ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək sarsılmaz iradə nümayiş etdirəcək”.

Akademik Teymur Kərimli Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonraböyük qayıdışın artıq reallığa çevrildiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçımızın göstərişi ilə azad olunan ərazilərdə, o cümlədən Xocalıda yenidənqurma və bərpa işləri aparılacaq. Qədim tarixi irsə malik doğma Qarabağ yaxın gələcəkdə yenidən cənnət məkana çevriləcək.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, hər il ölkəmizdə, eləcə də Əlyazmalar İnstitutunda Xocalı faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir. Alim qeyd edib ki, ötən il torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında qazanılan şanlı qələbə xalqımızın Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu. 44 günlük Vətən müharibəsi, həmçininxalqımızın sarsılmaz əzmini, iradəsini, ölkə rəhbəri ilə birliyini bütün dünyaya nümayiş etdirdi. Dahi Nizaminin yaradıcılından nümunə gətirən alim vurğulayıb ki, dünya şöhrətli Azərbaycan şairi hələ əsrlər öncə əsərlərində vəhşiliklərin sonunun onu törədənlərin məhvinə gətirib çıxaracağını məharətlə nəzərə çatdırıb.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxışında Vətən müharibəsində qazanılan qələbə nəticəsində bu gün xalqımız tərəfindən Xocalı faciəsinin 29-cu ildönümünün fərqli əhvali-ruhiyyə ilə anıldığını vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində institut əməkdaşları tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Ərsəyə gətirilən elmi əsərlərin gənc nəslin vətənpərvər ruhda formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayan alim bildirib ki, 70 il ərzində müttəfiq respublika kimi sovet ideologiyasına əsasən yaxın qonşuluq prinsipləri sərgilənsə də təəssüf ki, erməni ailələrində türkə qarşı kin-küdurət, düşmənçilik toxumları səpilmişdi. Xocalı faciəsi bunun bariz nümunəsidir: “O dövrdə dünya jurnalistlərinin faciə ilə bağlı yazdıqları məqalələrə nəzər saldıqda, qətliamı törədən cinayətkarların xatirələrini oxuduqca görürük ki, ötən dövrlərdə yazılan əsərlərdə şərh olunmuş erməni vəhşiliyinin ssenarisi eynidir”. Filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov çıxışında Ermənistanın separatçı siyasətinin uzun illərdir keşişlər tərəfindən kilsələrdə, həmçinin bədii əsərlərdə təbliğ olunduğunu vurğulayıb. Türkə nifrət hissləri oyadan bədii əsərlərdən nümunə gətirən alim Xocalı faciəsinin törədilməsində erməni daşnakçıları tərəfindən həyata keçirilən mənfur siyasətin nəticəsi olduğunu ifadə edib: “Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən və onları əsərlərində erməni xalqına xidmət adı ilə fəxrlə qeyd edən Zori Balayan kimi xəstə təfəkkürlü “ziyalıların” yazılarında şərh olunan qəddarlıq, cinayətkarlıq faktları əslində kin, nifrət dolu gənc erməni nəslinin yetişməsinə gətirib çıxarıb”.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Quliyeva çıxışında bildirib ki, ötən il Vətən müharibəsində qazanılan qələbə həm də ədalətin zəfər çalmasıdır. Qeyd edib ki, savadlı, vətənpərvər gənclərin yetişməsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də dövlət başçımız tərəfindən uğurla davam etdirilən siyasətin əhəmiyyəti böyükdür. Gənc alim institutun gəncləri tərəfindən aparılan informasiya müharibəsindən də söz açıb. Sonda çıxış edən akademik Teymur Kərimli ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Alladan rəhmət diləyib. Tədbir çərçivəsində “Xocalı harayı” mövzusunda videoçarx nümayiş etdirilib, elmi müəssisədə təşkil olunan kitab sərgisinə baxış keçirilib.

manuscript.az