AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrlərindən ibarət kitablar İranın Təbriz Universitetinin Mərkəzi Kitabxanasında bu yaxınlarda fəaliyyətə başlamış Türk dili və Azərbaycançılıq sahəsində Mənbələr Bölməsinin fonduna hədiyyə edilib.

İnstitutun baş direktoru, akademik Teymur Kərimlinin “Hicran ömrü”, “Çağdaşımız Nəsimi”, “Nizami və tarix”, “Gözəllərin axıra qalmışı”, fil.e.d. Paşa Kərimovun “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası”, fil.e.d. Aybəniz Əliyeva-Kəngərli və tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun həmmüəllifi olduğu “Kitabxana etikası və kitabşünaslığın linqvo-konseptual məsələləri” monoqrafiyaları tələbələrin ixtiyarına verilib.

Bundan əlavə, fil.e.d. professor Kamandar Şəriflinin “Mətnşünaslıq”, tar.e.d., professor Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar”, fil.e.d, professor Azadə Musabəylinin “Dədə Ömər Rövşəni və külliyatı”, “Şeyx İbrahim Gülşəni Bərdəi və Türk divanı”, fil.e.d., dosent Nəsib Göyüşovun “Füzuli düşüncəsi və ruhun poetikası”, tar.e.d. Tahirə Həsənzadənin “Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri”, “XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” kitabları da universitetə ərməğan edilib.

Təbriz Universitetində “Azərbaycan türk dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələrin informasiya təminatını həyata keçirmək üçün hədiyyə olunan kitablar sırasında filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Səsimiz və sözümüz”, “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan Nizamişünaslığında”, “Xərvənq qəsri: Tarix və bədii həqiqət”, həmçinin alimin Aynurə Nəcəfova ilə birgə ərsəyə gətirdiyi “Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair” əsərləri də yer alıb.

science.gov.az