Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ürək dostu, könül həmdəmi” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir karantin qaydalarına uyğun olaraq hibrid rejimdə baş tutub, iştirakçıların bəziləri əyani, digərləri isə onlayn rejimdə mərasimə qatılıblar. Tədbiri giriş nitqi ilə açan elmi işlər üzrə baş direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov qeyd edib ki, təqdim olunan kitab institutun Elmi Şurasının qərarı ilə işıq üzü görüb. Yeni nəşrdə Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə verilən şərhlər yer alıb. Orta əsrlərin ensiklopediyası kimi də dəyərləndirilən bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlilə cəlb olunub. Şairin bədii-estetik formada əks etdirdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb.

Tədbirdə füzulişünas alimlər filologiya elmləri doktoru Lalə Əlizadə (İkramqızı), Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Əlyazmalar İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Füzuli ədəbi məclisinin sədri, həmin institutun böyük elmi işçisi Sona Xəyal çıxış edərək kitabın elmi və təcrübi əhəmiyyətindən danışıblar. Alimlər şərhi elmimiz üçün bir yenilik kimi qiymətləndiriblər. Daha sonra kitabın elmi redaktoru və nəşrə hazırlayanı Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, “Ənisül-qəlb” qəsidəsinin şərhində müəlliflərin bir neçə elmin nailiyyətlərindən istifadə etdiklərini bildirib.

Sonda kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Arif Sərraf çıxış edərək kitab haqqında fikirlərini ifadə edən natiqlərə, Əlyazmalar İnstitutunun rəhbərliyinə və yeni nəşrin ərsəyə gəlməsində zəhməti olan alim və mütəxəssislərə təşəkkürlərini bildiriblər.

www.manuscript.az