Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz tədqiqatçısı, ədəbiyyatşünas,əlyazmaçı alim,filologiya elmləri doktoru Paşa Kərimov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işlədiyi onilliklər ərzində XIII-XIV əsrlərdən XX əsrə qədər yaradılmış çoxsaylı yazılı abidələrimizi araşdırmış və nəşr etdirmişdir. O, araşdırmalarını apararkən əsasən əlyazma nüsxələri Əlyazmalar İnstitutunda və ya dünyanın müxtəlif kitabxanalarında saxlanan əsərlərdən istifadə edir. P. Kərimovun tədqiqatları üçün ən səciyyəvi cəhət ilkin mənbələr-əlyazmalar əsasında araşdırmalar aparmaqdan, indiyədək öyrənilməmiş əsərləri tədqiq etməkdən ibarətdir. Alimin XIX əsr ədəbiyyat tariximizin tədqiqi sahəsində gördüyü işlər xüsusilə diqqətəlayiqdir. O, əsasən orta əsrlərə aid yazılı abidələri araşdırsa da, XIX əsrə dair bir sıra əsərkəri ilk dəfə tədqiq etmiş, mətnlərini nəşr etdirmişdir. P.Kərimov XIX əsrdə yaşamış Abbasqulu ağa Bakıxanov, Mirzə İsmayıl Qasir, Mirzə Baxış Nadim, Xurşidbanu Natəvan, Fətəli bəy Hali Gəncəvi, Molla Qasım Zakir, Abdulla Bərqi, Seyid Rza Sabir, Mir Möhsün Nəvvab,Firudin bəy Köçərli, Mahmud Çakər kimi müəlliflərin yaradıcılığını tədqiq etmiş,onların əsərini araşdırmışdır. P.Kərimov bir çox XIX əsr əsərlərini ilk dəfə nəşr etdirmiş və ya onların irsi barədə məqalə yazmışdır.

Açar sözlər: Azərbaycan, XIX əsr, Əlyazmalar İnstitutu, əlyazma, əsər.

Giriş

XIX əsr Azərbaycan tarixində ən keşməkeşli,müxtəlif hadisələrlə zəngin bir dövrdür. Məhz bu dövrdə Rus-İran müharibələri nəticəsində Azərbaycanın ərazisi ikiyə bölünmüş, Şimali Azərbaycan Rusiya tərəfindən işğal edilmiş. İran və Türkiyədən erməni əhalisi gətirilərək İrəvan xanlığı Qarabağ və Naxçıvan torpaqlarında yerləşdirilmişdir.

XIX yüzilliyi Azərbaycan ədəbiyyatının zənginləşdiyi, Şimali Azərbaycanın Avropa mədəniyyəti ilə əlaqələrinin genişləndiyi bir dövr kimi də səciyyələndirmək olar. XIX əsrin 30-cu illərindən Azərbaycanın ictimai-iqtisadi həyatında olduğu kimi mədəniyyət və maarif sahəsində də yenilik nəzərə çarpırdı. Mollaxanalarla yanaşı yeni tipli məktəblər açıldı, bura da ərəb və fars dilləri ilə yanaşı Azərbaycan türkcəsi də tədris edilirdi. XIX əsr Azərbaycan ədəbiyyatında mövzu , ideya genişliyi, eyni zamanda, janr əlvanlığı , maarifçiliyə, demokratik ideyalara, həyatın realist əksinə meylin güclənməsi müşahidə olunur. İctimai şüur qüvvətlənir. Ədəbiyyatda inkişaf edən ictimai satira həyatdakı eybəcərlikləri, özbaşınalıqları, insanlardakı cəhaləti tənqid etməyə başlayır. Poeziyada aşiqanə və dini mövzulu qəzəl,qəsidə,minacat və növhələrlə bərabər yeni ədəbi forma və məzmun yaranmağa başlayır. Bu dövrün bir çox sənətkarlarının, şair və yazıçılarının həyat və yaradıcılığı tədqiq edilmiş,əsərləri nəşr edilmişdir. Lakin bununla bərabər demək lazımdır ki, XIX yüzillikdə yaşamış bir sıra şair və yazıçılarımız, ziyalılarımız haqqında araşdırmalar aparılmamış onları əsərləri çap edilməmişdir. Filologiya elmləri doktoru Paşa Kərimovun bir sıra araşdırmaları bu boşluğu doldurmağa xidmət edir.

Əsas hissə

XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, böyük müvəfəkkir,alim və şair olan Abbasqulu ağa Bakıxanov (1794-1846) özündən sonra bir sıra dəyərli bədii,elmi əsərlər qoyub getmişdir. Onun əsərlərinin mühüm hissəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır. P.Kərimov AMEA Xəbərlərinin (Humanitar elmlər) 2015 ci il 1-ci nömrəsində çap etdirdiyi “Abbasqulu ağa Bakıxanovun əlyazma irsi” adlı məqaləsində görkəmli ədibin irsinin mənbələri-əlyazmaları barədə dəyərli məlumatlar vermişdir. Qeyd edək ki, alim A.Bakıxanovun əsərlərinin başqa ölkə kitabxanalarında saxlanan əlyazmaları barədə də bilgi vermişdir. Alim göstərir ki, A.Bakıxanovun Əlyazmalar İnstitutunda saxlanan əlyazma irsi əsərlərinin burada saxlanan əsərlərinin əlyazmalarından, ona məxsus kitablardan, şəxsi arxivinə daxil edilmiş materiallarından ibarətdir. Bundan başqa,burada onun bir sıra dəyərli çap kitabları da qorunmaqdadır. Haqqında danişdığımız məqalədə göstərilir ki, Abbasqulu ağanın Şimali Azərbaycan tarixinə dair məşhur “Gülüstani-İrəni” əsərinin institutda 8əlyazma, bir neçə çap nüsxəsi mühafizə edilməkdədir. Bura da əsərin nüsxələri haqqında ətraflı məlumat verilmişdir.

Tədqiqatçı A.Bakıxanovun əlyazma kolleksiyasına daxil olan kitablar,onların taleyi,dünyanın müxtəlif kitabxanalarına gedib çıxması barədə maraqlı bilgilər verir (1,s.28).

XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” ədəbi məclisinin rəhbəri Mİrzə İsmayıl Qasir (1805-1900) dövrünün qabaqcıl fikirli, maarifçilik ideyalarını təbliğ edən ziyalısı olmuşdur. Şairin əsərləri çətin oxunan, dağınıq vəziyyətdə olan əlyazmalarda toplandığından nəşr edilməmişdi, onun ədəbi irsi barədə təsəvvürlər natamam idi. Bir çoxları Mirzə İsmayılı XIX əsrdə yeni meydana çıxan kapitalist münasibətlərinin, pulun hakim mövqeyinin, bununla bağlı olaraq əxlaqi aşınmanın tənqidçisi kimi tanıyırdı. P.Kərimov filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurəliyeva ilə birlikdə 1988-ci ildə şairin şeirlər toplusunu “Yazıçı” nəşriyyatında nəşr etdirdikdən sonra məlum oldu ki, o, həm də həmvətənlərini yeni təhsilə, məktəbə, müasir elmlərdən, yeni dövrün tələblərindən xəbərdar olmağa çağıran şair, dünyəvi gözəlliyi və eşqi tərənnüm edən sənətkar olunmuşdur. Bu kitabdan görünür ki, M.İ.Qasir insan şəxsiyyətinin, qadın azadlığının müdafiəsində durmuş,realist qələmlə müasirlərinin həyatını təsvir etmiş, oxucularını zərərli vərdişlərdən çəkindirməyə çağırmış, saf məhəbbəti vəsf etmişdir. Kitab “Qəzəllər”, “ Mənzum məktublar”, “Müxtəlif şeirlər”, “ Farsca şeirlər” bölümlərindən ibarətdir. Farsca şeirləri Məmmədağa Sultanov tərcümə etmişdir.

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mİrzə Baxış Nadim (1780-1878) də son dövrlərə qədər həyat və yaradıcılığı cox az araşdırılmış sənətkar olmuşdur. Əsrin ədəbiyyat tarixini tədqiq edənlər bir neçə şeiri əsasında onun satirik şair olduğunu,əsərlərində istismarçı, təbəqələri tənqid atəşinə tutduğunu bildirirdilər. P.Kərimov filologiya elmləri doktoru Raqub Kərimovla birlikdə 2018-ci və 2020-ci illərdə Nadimin iki şeirlər toplusunu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun materialları əsasında çap etdirdikdən sonra şairin geniş mövzu dairəsinə, janr əlvanlığına malik bir ədəbi irsə sahib olduğu ortaya çıxdı. Birinci kitab salyanlı müəllim Ağakərim Canıbəylinin 1928-ci ildə öz əli ilə köçürdüyü 354 səhifəlik əlyazma əsasında tərtib edilib.Ön sözlə birlikdə 294 səhifədən ibarət bu kitab “Qəzəllər”, “Qoşmalar”, “Müxəmməslər”, “Müstəzad”, “Müxtəlif şeirlər”, “Rübailər”, “Qitələr”, “Qəsidə və mənzumələr”, “Məzəmmətnamələr”, “Satirik şeirlər”, “Dini şeirlər”, “Məktub və müşairələr bölümlərindən ibarətdir (3). Bundan sonra tədqiqatçı apardığı araşdırmalar zamanı Əlyazmalar İnstitutunda şairin şeirləri toplanmış 354 səhifəlik əlyazma cüng aşkar etmiş buradakı əsərləri də P.Kərimovla birlikdə çap etdirmişdir. Müxtəlif janr və mövzularda 100-dən artıq şeirin toplandığı, 334 səhifədən ibarət bu topludakı əsərləri müəllifin əli ilə köçürüldüyü ehtimal olunur. Toplunun əvəlində nəsrlə Tanrı,Peyğəmbər islam müqəddəsləri vəsf və s edilmiş, dini mövzulara toxunulmuşdur. Bundan sonra lirik qəzəllər, daha sonra Kərbəla faciəsinə həsr edilmiş şeirlər köçürülmüşdür (4). P.Kərimov bu iki kitabda toplanmış kitablar əsasında ədəbiyyatşünas kimi öz fikrini bildirmişdir. Tədqiqatçı,göstərir ki, həmişə xalqın içində olan, onun ağır həyatından xəbərdar olan Nadimin bir sıra şeirləri dövrün istismarçı təbəqələrini tənqid ruhuna görə XIX əsrin qüdrətli şairi Qasım bəy Zakirin əsərləri ilə səslənir: “ Bu şeir parçası XIX əsrin müqtədir şairi Qasım bəy Zakirin bəzi şeirlərini xatırladır. Nadim də Zakir kimi “ İvan”ın “zavtra”sından, divanın -hökümət idarəsinin süründürməçiliyindən çana doyduğunu ifadə edir” (5,s.176). çap edilmiş kitablar Mirzə Baxış şeirlərinin mövzu dairəsinin genişliyini sübut edir. Onun lirik-aşiganə şeirləri barədə ilk dəfə fikir söyləyən tədqiqatçı yazır: “Nadimin qəzəlləri həcminin böyüklüyü ilə diqqəti cəlb edirş Onun 8-10 beytlik qəzəlləri ilə bərabər 23, hətta 32 beytlik qəzəlləri də vardır. Bu əsərlər içində rədifli qəzəllərinin ( “Genə”, “Dədə””,”Xəbər”, “Kimisən”, “Olmuşam”, “Eşq”, “Gəzməz”, “Üzrə”, “Nə olub”, “Gəlsin”, “Gecə”, “Olur”, “Gözüm”, “Eylən”, “Çıxsan”, “Çəksün”, “Yatmaz”, “Çəkməz”, “Rövşəndir”, “Üzrə”, “Qorxar”,”Olmaz”, “Evinə”, “İstər”, “Tərəf”, “Dedi”, “ Səba “, və s. çoxluğu diqqəti cəlb edir. Füzuli poeziyasından təsirlənən şair onun “Görünür”, “Oynan”, və başqa rədifli qəzəllərinə nəzirələr yazmışdır” (5,s.178).

İndiyədək haqqında ciddi elmi araşdırnalar aparılmamış,əsərləri çap edilməmiş, XIX əsr ədəbiyyat tariximizdə mövqeyi müəyyənləşdirilməmiş şairlərimizdən biri də Molla Qasım Zakir idi. P.Kərimov ilk dəfə Raqub Kərimovla birlikdə müxtəlif mənbələrdən, əlyazma qaynaqlarından şairin əsərlərini toplayaraq geniş ön sözlə nəşr etdirmişdir. Ön sözdə göstərilir ki, Qasım bəy Zakir və Mİrzə Fətəli Axundzadənin müasiri olan Molla Qasım təxminən 1800-cü ildə Şəkidə dünyaya gəlmiş, 1845-ci ildə vəfat etmişdir, klassik poeziya və şifahi xalq ədəbiyyatı janrlarında əsərlər yazan istedadlı səsnətkar olmuşdur.Kitaba Molla Qasımın qoşma, qəzəl,müxəmməs,çığali müxəmməs,müstəzad,müsəddəs,müsəmmən və mənzum məktubları daxil edilmişdir. Kitabın ön sözündə bir sıra mənbələr və əsasən şairin şeirləri əsasında onun həyat və yaradıcılığı, şeirlərinin sənətkarlıq xüsusiyyətləri barədə fikir söylənir. Molla Qasımın ədəbi irsinin gələcək axtarış və tədqiqatlara ehtiyacı olduğu bildirilir; “Bu gün Molla Qasım Zakirin əlimizdə olan məhdud sayda şeirləri, əlbəttə, bizi qane etmir. Belə istedadlı şairin ədəbi irsi yalnız bu şeirlərdən ibarət ola bilməz. Əminik ki, onun zəngin ədəbi irsi, bəlkə divanı da olmuşdur. Hər halda,əldə olan şeir nümunələri onun Şərq poetika sənətinə dərindən yiyələnmiş istedadlı şair olduğunu sübut edir” (6,c.19).

P.Kərimovun həyat və yaradıcılığına diqqətlə yanaşdığı XIX əsr şairlərimizdən biri də Xurşidbanu Natəvandır ( 1832-1897). O, Əlyazmalar İnstitutunda saxlanan, maraqlı materiallarla diqqəti cəlb edən Əliabbas Müznifin “Natəvan Xurşidbanu” əsərinin əlyazmasını 2012-ci ildə kitab halında nəşr etdirmişdir (7). Natəvanın 2 qeyri-mətbu şeirini 2012-ci ildə oxuculara təqdim edən tədqiqatçı redaktoru olduğu “Xurşidbanu Natəvan. Neçin gəlməz” kitabına şairin ədəbi irsi barədə məqalə, onun həyatı haqqında naməlim faktlarla zəngin olan xatirələr daxil etmişdir. Alim Natəvanın poeziyada yaradıcılıq üslubunun özünə məxsusluğu barədə yazır: “Dövrünün istedadlı şairlərindən olan Natəvanın qəzəllərində səmimilik, özünün yaşantılarını, həyəcanlarını ifadə etməsi, saf məhəbbətin tərnnümü, dilin sadəliyi diqqəti ilkin cəlb edən cəhətlərdəndir, Natəvan və onun digər müasirləri qəzəl dilinin sadələşməsi, xalq dilinə yaxınlaşması sahəsində səmərəli fəaliyyət göstərmişlər ki, sonralar bu proses Ə.Vahidin şəxsində uğurla davam etdirildi. Natəvanın lirik qəhərmanı sevgilsini vəfasızlıqda, unutqanlıqda ittiham edərkən sanki klassik şeir janrına danışıq nitqini gətirir” (8,s.14). P.Kərimovun Natəvana dair arxivlərdən, əlyazmalardan aşkar edərək ilk dəfə nəşr etdirdiyi materiallar böyük maraq duyurur. “Məclisi-üns” ədəbi məclisinin katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində Natəvanın rəhbəri olduğu məclisin yaranması, keçirilməsi, üzvləri,digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar vardır. Əlyazmalar İnstitutunda Zülfüqar Hacıbəylinin arxivində saxlanan Zülfüqar bəyin qardaşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qori müəllimlər seminariyasında oxumağa gedərkən Natəvanla görüşüb ondan xeyir-dua almaları barədə kiçik xatirə vardır. Zülfüqar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təsdiqləmişdir. Cəlil Məmmədquluzadənin Əlyazmalar İnstitutundakı arxivində Xurşudbanunun qız nəvəsi Əkbər Naxçıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyəti,şəxsi insani keyfiyyətləri,onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilində,musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söylənmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşim oğlu Ağamirovun xatirəsində “ Məclisi-üns”ün toplantılarının necə keçirilməsindən bəhs edir. Bütün bu sənədləri ilk dəfə P. Kərimov təqdim etmişdir.

XIX əsrin ədəbi simaları içində Cavad xanın qardaşı Fəhəli bəy Hali Gəncəvinin şəxsiyyəti və ədəbi irsi böyük maraq doğurur. Təəsüüf ki, mənbələrdə məlumat azlığı, Əlyazmalar İnstitutunda saxlanan şeir toplusunun çox çətin oxunan xətlə yazılması onun ədəbi irsi barədə fikir söyləməyə imkan vermirdi. Fətəli bəyin əsərlərini kitab halında nəşrə hazırlayan (kitab çapdadır-Z.N). tədqiqatçı şairin həyat və yaradıcılığı haqqında çox maraqlı bir məqalə yazaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi məqalələr məcmuəsində çap etdirmişdir. Məqalədə alim bir sıra mənbələrə, şairin əsərlərinə istinad edərək Fəhəli bəyin Gəncə xanlığının siyasi həyatında fəal iştirak etdiyi, Gəncənin çar Rusiyası qoşunları tərəfindən işğalından sonra Abbas Mİrzənin başçılıq etdiyi Qacar ordusunun tərkibində ruslara qarşı döyüşdüyü, sonralar Təbrizdə yaşadığı, 1825-ci ildə burada vəfat etdiyi barədə məlumat verir. Göstərir ki, o, Təbrizdə Naibüssəltənə Abbas Mİrzə, yerli ziyalılar və yüksək rütbəli şəxslərlə dotluq münasibətlərində olmuşdur. Şairin Əlyazmalar İnstitutunda saxlanan şeirlər toplusuna 37 qəzəl, 1 qəsidə, 11 məsnəvi, 17 qitə, 20 nəzm və 5 rübai daxildir. Bunlardan 1 qəzəl, 2 məsnəvi 5 qitə və 1 nəzm fars dilindədir. Digər şeirlər Azərbaycan dilindədir. Tədqiqatçı məqaləsində yazır; “ Ölkənin ikiyə bölünməsindən sonra Şimali və Cənubi Azərbaycanın siyasi-iqtisadi, ictimai-mədəni həyatında fərqlər get-gedə özünü daha artıq dərəcədə göstərməyə başladı. Lakin müəyyən əlaqələr qalmışdı. Həyatı həm şimal, həm də cənubla bağlı şəxsiyyətlərdən biri olan Fəthəli bəy Təbrizdə yerli ictimaiyyət arasında quzeyi təmsil edirdi. Onun əlimizə çatan şeirlər toplusunun Cənubda yazıldığı qənaətinə gəlirik” (9.s.48). Məqalədə tədqiqatçı şairin sənətkarlıq xüsusiyyətləri, şeirlərinin səciyyəvi cəhətləri barədə dəyərli fikirlər söyləmişdir.

P.Kərimov AMEA Əlyazmalar İnstitutunda və İran kitabxanalarında apardığı araşdırmalar nəticəsində XIX əsrdə Cənubi Azərbaycanda yazıb-yaratmış Abdulla Bərgi və Hacı Seyid Rza Əmirzadə Sabirin şeirlərini aşkar edərək təqdim etmiş, onlar barədə məqalə yazmışdır. Alim göstərir ki,şair 1849-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində dünyaya gəlmiş, sonradan şimala köçmüş, “Əkinçi” qəzetində Həsən bəy Zərdabinin mütrəqqi ideyalarını dəstəkləyən şeirlərlə çıxış etmiş, 1904-cü ildə İrəvanda vəfat etmişdir. P.Kərimov Seyid Rza Əmirzadə Sabirin şeirləri barədə yazır: “Seyid Rzanın şeirlərində Füzuli təsiri, qəzəl dilini sadələşdirməyə meyl, danışıq dili elementlərindən geniş istifadə ilkin nəzərə çarpan cəhətlərdir. Maraqlıdır ki, o, Füzulinin “Qeyri” rədifli qəzəlinə nəzirə olaraq müxəmməs yazmışdır. Şairin şeirlərində cənub şivəsi özünü qabarıq göstərir. S.R. Sabirin farsdilli şeirlərində Hafizin güclü təsirini görə bilərik (10, s. 202).

Alimin AMEA Xəbərlərində çap etdirdiyi “Firidun bəy Köçərlinin şəxsi arxivi barədə” adlı məqaləsi də böyük maraq doğurur. Buradan vaxtı ilə Firidun bəyin zəngin arxivi olduğunu, repressiya illərində bu dəyərli materialların əksəriyyətinin məhv edildiyini öyrənirik.

Nəticə

Filologiya elmləri doktoru Paşa Kərimov orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı kimi tanınsa da onun eyni zamanda XIX əsr ədəbiyyatına dair qiymətli araşdırmalarının olduğunu görürük. Alim daha çox o sənətkarların həyat və yaradıcılığını tədqiq edir ki, ya onlar indiyədək heç tanımamışdır, ya da əsərləri nəşr edilməmişdir. Tədqiqatçı bir sıra XIX əsr şairlərimizin həyat və yaradıcılığı barədə dəyərli məlumatlar vermiş, onların əsərlərini ilk dəfə nəşr etdirmişdir. Belə sənətkarlardan Mirzə İsmayıl Qasir, Mİrzə Baxış Nadim , Molla Qasım Zakir, Fəhəli bəy Hali Gəncəvi, Abdulla Bərqi, Seyid Rza Sabir və başqalarının adlarını çəkmək olar. P. Kərimov haqqında yazdığı şairlərin yaradıcılığının ən səciyyəvi xüsusiyyətləri, fərdi yaradıcılıq üslubu barədə dəyərli fikirlər söyləmişdir.

Ədəbiyyat

1.Kərimov Paşa. Abbasqulu ağa Bakıxanovun əlyazma irsi. AMEA Xəbərlər (Humanitar elmlər). Bakı: 2015, №1.

2.Qasir Mİrzə İsmayıl. Şeirləri (Tərtib edənlər:T.Nurəliyeva və P.Kərimov.Bakı: “Yazıçı”, 1988.

3.Nadim Mİrzə Baxış. Seçilmiş əsərləri Tərtib edənlər:Paşa Kərimov və Raqub Kərimov. Bakı: “Alatoran”, 2018.

4.Nadim Mİrzə Baxış. Seçilmiş əsərləri: İkinci kitab / Tərtib edənlər: Paşa Kərimov və Raqub Kərimov Bakı. “ Ala toran”, 2020.

5.Kərimov Paşa. Gər qəbul etsə bizi. “ Azərbaycan “ jurnalı, 2020, № 9.

6.Zakir Molla Qasım, Şeirlər/ Nəşrə hazırlayanlar və ön söz müəllifləri : Paşa Kərimov və Raqub Kərimov. Bakı: “Elm və təhsil”, 2020.

7.Müznib Əliabbas. Natəvan Xurşidbanu /Nəşrə hazırlayan : Paşa Kərimov. Bakı: “ Elm və təhsil”, 2012.

8.Kərimov Paşa. Xurşidbanu Natəvanın irsi /Xurşidbanu Natəvan. Neçin gəlməz. Bakı: “Təhsil”, 2012.

9.Kərimov Paşa. Fəthəli bəy Hali Gəncəvinin həyat və yaradıcılığı barədə, “ Azərbaycan ədəbiyyatşünaslığı “ məcmuəsi, 2020, № 1.

10.Kərimov Paşa. Cənublu Sabirin naməlum şeirləri. “Azərbaycan” jurnalı, 2016, № 7.

Зинаида Нагиева

Паша Керимов как исследователь азербайджанской литературы XIX века-целый ряд

(Резюме)

Неустанный исследователь истории азербайджанской литературы, ученый-литературовед, рукописник, доктор филологических наук Паша Керимов за десятиетия работы в Институте Рукописей НАН Азербайджана изучил и издал целый ряд памятников письменнысти, созданные с XIII-XİV вв. по XX век. Во время своих исследований он используиет в основном рукописные списки, хранящиеся в Институте Рукописей , или же их копии из разных библиотек мира. Один из самых характерных черт исследований П.Керимова заключается в том, что он в основным испоьзует первичные источники-рукописи и интереуется в основном, неизученными до него произведениями. Достойны внимания его деятельность в области исследования истории азербайджанской литературы XIX века. Ученый, изучающий в основном памятники писыменности средних веков впервые исследовал ряд произведений XIX века, издал их тексты. П.Керимов исследовал творчество таких авторов XIX века, как Аббасгулу ага Баккыханов, Мирза Исмаил Басир, Мирза Бахыш Надим, Хуршидбану Натаван, Фахтали бек Хали Гянджави, Молла Гасым Закир, Абдулла Барги, Мир Мохсун Навваб, Фиридун бек Кочарли, Махмуд Чакер и др, издал тексты их произведений.

Ключевые слова: Азербайджан, XIX век, Институт Рукописей, рукопись,произведение

Zinaida Naghieva

Pasha Karimov as a researcher of the Azerbaijani literature of the 19th century - a whole series

(Summary)

Key words: Azerbaijan, 19th century, Institute of Manuscripts, works, manuscript

Pasha Karimov, Doctor of Philology, a tireless researcher of the history of Azerbaijani literature, scholar on manuscripts, man of letters studied and published a number of written monuments created in the 13th-14th centuries and the 20th century during his ten years of activity at the Institute of Manuscripts of ANAS. During his research, he mainly studies manuscripts preserved in the Institute of Manuscripts or manuscript copies from different libraries around the world.

One of the most characteristic features of Pasha Karimov's researchactivity is that he mostly studies primary sources, manuscripts, and is mainly interested in works that had not been studied before him. His research works on the history of Azerbaijani literature of the 19th century is specially, worthy of attention.

The scholar, who studies mainly the written monuments of the Middle Ages, for the first time researched a number of works of the 19th century, published their texts. Pasha Karimov researched the work of the authors of the 19th century such as AbbasguluagaBakikhanov,Mirza Ismail Basir, MirzaBakhishNadim, KhurshudbanuNatavan, Fathalibey Khali Ganjavi, Molla GasimZakir, Abdullah Bargi, Mir MohsunNavvab, FiridunbeyKocharli, Mahmud Chaker and others, prepared and published the texts of their works.

BDU-nun Sosial və Humanitar Elmlərin Müasir Problemləri məcmuəsi. Buraxılış № 27.2021, III hissə.səh-121-125.

Zinaida Nağıyeva

Əlyazmalar İnstitutu

mütəxəssis

zinaida.nagiyeva@mail.ru