
Azərbaycanın elmi-mədəni ictimaiyyəti tanınmış dilçi alim, fədakar mətnşünas, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 75 illik yubilyini böyük sayğı və qədirbilənliklə qeyd edir.
Möhsün Zellabdin oğlu Nağısoylu 1946-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xok kəndində anadan olmuşdur. O, 1963–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Gənc şərqşünas 1961–1970, 1972–1975, 1982–1987-ci illərdə Əfqanıstanda fars dili tərcüməçisi kimi çalışmışdır.
1972-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda (keçmiş Respublika Əlyazmalar Fondu) elmi fəailiyyətə kiçik elmi işçi kimi başlayan Möhsün Nağısoylusponrakı illərdə böyük elmi işçi, farsdilli əlyazmalrın tədqiqi şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İranşünas tədqiqatçı 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə “XV–XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə alimə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə professor elmi adı verilmişdir. Möhsün Nağısoylu 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. Tanınmış dilçi alim 2016-cı ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktorudur.
Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 44 il ərzində, əsasən, farsdilli və türkdilli əlyazmalarının tədqiqi sahəsində çalışmış, hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun I, II və III cildlərinə daxil edilmişdir. Onun mühüm elmi naliyyətləri sırasında orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələrindən bir neçəsinin ilk dəfə olaraq aşkara çıxarılması, ədəbiyyatşünaslıq, mətnşünaslıq və dilçilik aspektindən sistemli şəkildə araşdırılması xüsusi qeyd olunmalıdır. Möhsün müəllimin səmərəli elmi axtarışları nəticəsində Şirazinin “Gülşəni-raz” (1426) və Həzininin “Hədisi-ərbəin” əsərlərinin (1524) tərcümələri ilk dəfə Azərbaycan elmi ictimaiyyətinə təqdim edilmiş və geniş elmi tədqiqata cəlb olunmuşdur. Bundan əlavə, ədəbi dil tarixinin dəyərli nümunələrindən olan “Şeyx Səfi təzkirəsi” onun rəhbərliyi ilə nəşrə hazırlanmışdır.
Professor Möhsün Nağısoylunun əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsidir. Bu baxımdan onun araşdırmaları klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, AMEA-nın nəşr etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” kitabının III cildində (B. 2009) onun tədqiqatlarından da istifadə edilmişdir.
Alim Azərbaycan filologiya elmində yeni bir sahə olan linqvistik mətnşünaslıq üzrə ciddi və sanballı araşdırmalar müəllifi kimi tanınır. Onun XV–XVI əsrlərə aid tərcümə abidələri üzərindəki mətnşünaslıq və dilçilik aspektində apardığı araşdırmalar həmin əlyazmalarda işlənən ayrı-ayrı söz və ifadələri ilk dəfə yazılı ədəbi dilimizə məhz klassik mütərcimlərin gətirməsi faktlarını üzə çıxarmışdır. Bundan əlavə, klassik tərcümə mətnlərində işlənən bir sıra nadir türk mənşəli sözləri də ilk dəfə Möhsün Nağısoylu aşkar etmiş və araşdırmışdır. Onun bu sahədəki fəaliyyəti gələcəkdə Azərbaycan dilinin tarixi lüğətinin hazırlanmasına töhfədir.
Akademik Möhsün Nağısoylu Azərbaycanda tərcümə tarixi məsələləri üzrə ardıcıl tədqiqat aparan görkəmli mütəxəssislərdən biri sayılır. Onun bu istiqamətdə apardığı tədqiqatlarda tərcümə tarixi, klassik tərcümənin özünəməxsus xüsusiyyətləri ilə yanaşı, mətnşünaslıq, ədəbiyyat tarixi və dilçilik məsələləri də əsas yer tutur və bu yöndə gələcəkdə aparılacaq araşdırmalar üçün əsas yaradır, yön açır.
Alimin dilçiliyə və mətnşünaslığa dair elmi tədqiqatlarının nəticələri indiyədək çap etdirdiyi 31 kitabda, o cümlədən 8 monoqrafiyada, 16 tərtibat və tərcümə işində, 2 lüğətdə, 5 dərs vəsaitində öz əksini tapmışdır. Fədakar tədqiqatçının “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti” (2000), Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri (2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (2004), “Əhmədinin “Əsrarnamə tərcüməsi” (2005), “A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi” (2006), “Həzinin “Hədisi-ərbəin” tərcüməsi (2008), “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (2011) monoqrafiyaları, eləcə də Möhsün Nəsirinin “Lisanüt-teyr” (2001), Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (2005), “Şeyx Səfi təzkirəsi” (2006) və başqa kitabları Azərbaycan ədəbiyyatşünasları və dilçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Alim bir sıra beynəlxalq elmi konfranslarda aktual məruzələrlə çıxış etmişdir. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxmışdır. Tərtibçisi olduğu “Nizami: İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu”toplusu İranda, “Şühədanamə”nin tərcümə və dilçilik xüsusiyyətləri monoqrafiyası isə Almaniyada rus dilində nəşr olunmuşdur.
Dilçi akademikin əsas xidməti mətnşünaslığın nəzəri və təcrübi məsələləri, Məhəmməd Füzulinin, Şirazinin, Əhmədinin, Möhsün Nəsirinin, Şeyx Mahmud Şəbüstərinin, Həzininin, Abbasqulu ağa Bakıxanovun tərcümə irsinin öyrənilməsi ilə əlaqədardır. Farsdilli yazılı abidələrin kataloqlaşdırılması, onların Azərbaycan dilinə tərcüməsi və nəşrə hazırlanması, eləcə də türkdilli tərcümə əsərlərinin tədqiqi sahəsində alimin ciddi nailiyyətləri vardır. Möhsün müəllimin fars dilindən tərcümə etdiyi Sədrəddin Bəlağinin “Quran qissələri” və Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisi onun peşəkar və bacarıqlı bir mütərcim olduğunu sübut edir.
Alim rus dilində nəşr olunmuş “Fars əlyazmaları kataloqu”nun I, II, III cildlərinin həmmüəlliflərindən biri və elmi redaktorudur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə tərtib edilmiş “Farsca–azərbaycanca lüğət” 25 min tirajla nəşr olunmuşdur. “Azərbaycanca–farsca lüğət” isə və bu yaxınlarda işıq üzü görmüşdür. Möhsün müəllimin müəllifi olduğu “Azərbaycan dili” dərs vəsaiti indiyədək 12 dəfə kütləvi şəkildə nəşr edilmişdir. Həmin kitabı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərs vəsaiti kimi tövsiyə etmişdir və məktəbələrdə ondan dərs vəsaiti kimi istifadə olunur. O, 230-dan çox elmi və elmi-kütləvi məqalənin müəllifidir.
Möhsün müəllim 1993-cü ildən başlayaraq pedaqoji fəaliyyətlə də məşğul olur. O, müxtəlif illərdə Bakıdakı Qafqaz Universitetində və Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. Bakı Slavyan Universitetində tərcümə ədəbiyyatı tarixi üzrə ixtisas kursunda da dərs demişdir.
Görkəmli şərqşünas-mətnşünas alim kimi tanınan akademik Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 44 il müddətində özünə qarşı tələbkar elmi işçi, səmimi insan, zəhmətkeş və təvazökar alim kimi kollektivin hörmətini qazanmış, gənc elmi kadrların hazırlanmasında əməyini əsirgəməmişdir. Hazırda o, Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini daşımaqdadır.
Akademik Möhsün Nağısoylunu bir tədqiqatçı alim kimi səciyyələndirdikdə, hər şeydən öncə, xalqımızın mənəvi sərvəti olan əlyazmalar – qədim və orta əsrlərin mənəvi sərvəti olan yazılı abidələr yada düşür. Axı o, mənalı ömrünün böyük bir hissəsini bu xəzinənin qapılarının xalqın üzünə açılmasına həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi tanınmışdır.
AMEA-nın həqiqi üzvü, professor Möhsün Nağısoylu elmi yaradıcılığının ən yetkin və məhsuldar mərhələsini yaşamaqdadır. İnanırıq ki, Möhsün müəllim bundan sonra hələ çox dəyərli əsərlərə imza atacaq, milli dilçilik elmimizin yeni uğurlar qazanmasına da öz töhfəsini verəcəkdir. Yubiliyar akademikin 75 yaşını təbrik edir, ona möhkəm cansağlığı və yeni elmi nailiyyətlər arzulayırıq.
Paşa ƏLİOĞLU,
AMEA Əlyazmalar İnstitutunun direktor müavini,
filologiya elmləri doktoru
Xalq Qəzeti
xalqqazeti.com