21 sentyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Vətən məğrur, mən məğrur” devizi altında hərbi-vətənpərvərlik ruhunda tədbir keçirilib. Tədbiri Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr tarixinin ölkədə “Anım günü” kimi təsis edilməsi haqqında Sərəncamı oxunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Akademik Teymur Kərimli öz çıxışında 44 günlük Vətən müharibəsində əhalisinin şücaəti ilə fərqlənən Tərtər, Gəncə, Tovuz kimi şəhərlərə “Qərhəman şəhər” adının verilməsi təklifini irəli sürüb. Anım mərasiminin qonaqları I Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edən, ehtiyatda olan polkovnik-leytenant Hacı Məmmədov və Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş leytenant Bakı şəhəri, Xətai rayonu 221 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov çıxışlarında 44 günlük Vətən müharibəsi dövründə iştirak edənlərin şücaətindən bəhs edərək ordumuzun döyüş meydanında əldə etdikləri nailiyyətlərindən danışıb.

Tədbirdə həmçinin Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxış edərək gələn qonaqlara öz təşəkkürlərini bildirib, mənfur düşmən üzərində əldə olunan qələbənin müzəffər Ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər. Tədbirin sonunda Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisinə baxış keçirilib.

manuscript.az