22 noyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilmiş, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi: sələflər və xələflər – Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfransın materialları toplu halında nəşr olunub.

Topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami irsinin öyrənilməsinin əhəmiyyəti”, icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun “Səfəvilər dövrü Azərbaycan ədəbiyyatında Nizami təsiri”, şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifovun “Nizaminin Misirdəki əlyazmaları” və digər institut əməkdaşlarının məruzələrinin tezisləri ilə yanaşı, bir sıra Nizamişünas tədqiqatçıların dahi şairin yaradıcılığına, onun fəlsəfi, elmi baxışlarına, humanist düşüncələrinə, əsərlərinə bəstələnən musiqilərə, əlyazma nüsxələrinə və s. dair araşdırmalarının nəticələrini əks etdirən tezislər də yer alıb.

Qeyd edək ki, konfrans materialları akademik Teymur Kərimlinin sədrlik etdiyi təşkilat komissiyasının yekun rəyi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Toplunu nəşrə hazırlayan institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. Toplunu əldə etmək istəyənlər Əlyazmalar İnstitutunun baş meneceri Qurban Hümbətova müraciət edə bilərlər.

manuscript.az