Gəncədəki "Elm" nəşriyyatında xalqımızın qəhrəman oğlu Gəncə xanı Cavad xanın qardaşı Fətəli bəy Hali Gəncəvinin şeirləri çapdan çıxmışdır. Fəthəli bəy Cavad xanın həlakından sonra da çar Rusiyası qoşunlarına qarşı mübarizə aparmış, 1825-ci ildə Təbrizdə vəfat etmişdir. Şairin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilmişdir. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov və institutun böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib etmiş, kitaba ön söz yazmışlar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H. Mustafa Mailoğludur.