12 yanvar 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının cari ildə ilk yığıncağı keçirilib. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda icra olunması nəzərdə tutulan işlərin müzakirəsi olub.

İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Teymur Kərimli bu Sərəncamın Azərbaycan Respublikası Prezidentinin mədəniyyət siyasətinin uğurlu davamı olduğunu bildirib. Qeyd edib ki, Əlyazmalar İnstitutunda sərəncamdan irəli gələn, icrası 2022-ci il üçün nəzərdə tutulan elmi-tədqiqat və nəşriyyat işləri, elmi-kütləvi və mədəni tədbirlərin planı hazırlanıb. “Qarabağ şairləri antologiyası”nın I cildinin, “F.Köçərli arxivinin təsviri”nin, “Üzeyir Hacıbəylinin publisistikasında dövrün ictimai-siyasi məsələləri (1905-1920)” monoqrafiyasının, “Şuşanamə” poetik əsərlər toplusunun, Məhəmməd ağa Müctəhidzadənin Qarabağ şairləri haqqında “Riyazül-aşiqin” təzkirəsi və Qarabağın tarixi ilə bağlı “Səfərnamə”sinin, eləcə də digər kitabların nəşrinin, “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” mövzusunda elektron və səyyar sərginin, institut əməkdaşlarının mövzu ilə əlaqədar nəşrlərindən ibarət ənənəvi kitab sərgisinin hazırlanıb, bölgələrdə də nümayiş olunmasının perspektiv planda nəzərdə tutulduğunu nəzərə çatdırıb. Şura üzvlərinin müzakirəsindən sonra plan təsdiqlənib.

manuscript.az