Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Öncə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov çıxışında 20 Yanvar gecəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir hadisə olduğunu qeyd edib. O, 20 Yanvarı sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları heç bir zaman unudulmayacaq.

Əlyazmalar İnstitututun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edərək, 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxışında gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan söz açıb. O, müstəqillik yolunun məhz 20 Yanvarda başladığını, Ulu Öndər Heydər Əliyevin həmin gün Ümummilli Lider kimi xalqın yaddaşında yer aldığını bildirib. Tədbir çərçivəsində institutun foyesində “Kitabxana və elmi informasiya” şöbəsinin əməkdaşlarının hazırladığı “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş kitab sərgisi nümayiş olunub.

www.manuscript.az